Braziliyalı gənc voleybolçu Bruno Romano Kosendey Marques bu il həm çimərlik, həm də qapalı voleybol üzrə iki dünya çempionatında ölkəsini təmsil edib.

2025-ci il Bruno üçün əsl sınaq ili olub. O, əvvəlcə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən FIVB Voleybol Oğlanlar U-19 Dünya Çempionatında Braziliya yığmasının heyətində çıxış edib. Daha sonra isə Qətərin paytaxtı Dohada təşkil olunan FIVB Çimərlik Voleybolu Oğlanlar U-18 Dünya Çempionatında Braziliyanın gənclər komandasının tərkibində mübarizə aparıb.
17 yaşlı Bruno üçün bu yay olduqca gərgin keçib. Təəssüf ki, hər iki turnirdə Braziliya gözlənilən nəticəni əldə edə bilməyib. Daşkənddə braziliyalılar 1/8 finalda gələcək çempion Fransa yığmasına məğlub olublar. Dohada isə Bruno və onun komanda yoldaşı hollandiyalı Sven van Qronesteyn və Mees Huisman cütlüyünə qarşı 1/24 final mərhələsində 1:2 (19-21, 21-17, 13-15) hesabı ilə uduzaraq mübarizəni dayandırıblar.
Braziliyanın voleybol ənənələri baxımından bu nəticələr uğurlu sayılmasa da, Bruno ruhdan düşmür: “Bu, gözlədiyimiz kimi olmadı, amma belə hallar idmanda təbiidir - bəzən qalib gəlirsən, bəzən uduzursan. Əsas odur ki, nəticədən dərs çıxaraq gələcək yarışlarda daha yaxşı çıxış edək" , - deyə Bruno bildirib.
Bruno Qətərə səfəri zamanı 17 yaşını qeyd edib. Bu turnir onun yeni komanda yoldaşı Corc Enrike Sabeh İsernhagen ilə birlikdə ilk rəsmi çıxışı olub. Yarışı erkən başa vursalar da, Bruno və Corc üçün müsbət məqamlar az olmayıb. Onlar seçmə mərhələdən başlayaraq əsas raundadək dörd qələbə qazanıblar. “Ölüm qrupu” adlandırılan C qrupunda ikinci yeri tutaraq 1/24 finala yüksəliblər, lakin orada Niderland təmsilçilərinə uduzublar.
“Corcla birgə oynamaq çox gözəl idi, çünki meydanda bir-birimizi mükəmməl şəkildə tamamlayırıq. O, güclü blokçudur, mən isə müdafiədə yaxşıyam, buna görə də meydanda hər dəfə çox rahat koordinasiya qururuq. Cəmi bir neçə həftə birgə məşq etmişdik, amma aramızdakı uyğunluq inanılmaz idi" , - deyə dörd uşaqdan üçüncüsü olan Bruno bildirib.
“Gələcəkdə onunla yenidən oynamaq istərdim, amma indi sadəcə evə qayıdıb dincəlmək və yeni mövsümə hazırlaşmaq istəyirəm. Doğrudan da, çox gərgin bir yay keçdi".
Təşkənd və Dohadakı çıxışları Bruno üçün bir növ seçim anı yaradıb. O, çimərlik voleybolunu daha çox sevsə də, gələcəkdə özünü qapalı voleybol üzrə peşəkar oyunçu kimi görür. Onun rol modelləri arasında braziliyalı Gilberto Amauri de Qodoy Filho (Giba), fransalı Ervin N’Qapet və amerikalı Torey Ceyms DeFalco kimi məşhur adlar var.
“Mənim birinci seçimim qapalı voleyboldur, çünki arzum peşəkar voleybolçu olmaqdır. Əvvəllər setver və libero kimi çıxış edirdim, lakin bu il kənar hücumçu mövqeyinə keçdim. Bu rolu çox sevirəm, çünki meydanda daha çox məsuliyyət daşıyıram və hər şeyi edə bilirəm. 2023-cü ildən gənclər yığmasındayam və iki dünya çempionatında (U-17 və U-19) iştirak etmişəm. Düşünürəm ki, doğru yoldayam" , - deyə hazırda Braziliyanın “Flamengo” klubunda çıxış edən Bruno bildirib.
Çimərlik voleyboluna gəldikdə isə, Bruno üçün ilham mənbəyi uzaqda deyil - onun atası, keçmiş dünya çempionu və Olimpiya Oyunlarının bürünc medalçısı Gilyerme Luiz Marquesdir (Los-Anceles 1997, Barselona 1992).
“Çimərlik voleybolunu sevirəm, çünki burada topa daha çox toxunur və özümü sərbəst şəkildə ifadə edə bilirəm. Atam mənim üçün böyük ilham mənbəyidir - o, ilk məşqçim, qəhrəmanım və rol modelim olub. Onun oyunlarının videolarına baxmışam, doğrudan da əla oyunçu idi. O, bir vaxtlar dünya çempionu olub, mən də onun yolunu davam etdirmək istəyirəm" , - deyə Bruno gülümsəyərək bildirib.
“Bu, iki fərqli idman növüdür, amma hər ikisi voleyboldur - mənim sevdiyim idman. Hazırda çimərlik voleybolunu bir qədər çox sevirəm, amma qapalı meydançaya da böyük sevgim var. Arzum odur ki, istər çimərlikdə, istər zaldakı oyunlarda - bu idmanı ən yüksək səviyyədə oynamağa davam edim" , - deyə kənar hücumçu əlavə edib.
Mənbə: Volleyball World
Tərcümə etdi: Fərid Tapdıqov
