Əfqanıstanın Taliban rəhbərliyi Pakistanı ölkənin suverenliyini pozmaqda ittiham edib və bu addımı “zorakı və təxribat xarakterli” hərəkət kimi qiymətləndirib.
Bəyanat paytaxt Kabildə iki güclü partlayışın eşidilməsindən sonra yayımlanıb. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, Pakistan ordusu cənub-şərqdə yerləşən Paktika vilayətindəki mülki bazara hava zərbəsi endirib. Yerli sakinlər BBC-yə bildiriblər ki, hadisə nəticəsində bir neçə mağaza dağılıb.
Pakistan tərəfi iddialara münasibət bildirməyib və hava zərbəsinin həyata keçirildiyini nə təsdiqləyib, nə də təkzib edib.
Lakin Peşəvərdə keçirilən mətbuat konfransında Pakistan ordusunun nümayəndəsi general Əhməd Şərif Çaudri Əfqanıstan ərazisindən Pakistana qarşı terror fəaliyyətlərinin həyata keçirildiyini iddia edib: “Pakistan vətəndaşlarının həyatını və əmlakını qorumaq üçün bütün zəruri tədbirlər görüləcək", – deyə general bildirib.
Pakistan uzun illərdir ki, Əfqanıstan Talibanını “Tehrik-i Taliban Pakistan” (TTP) adlı silahlı qruplaşmanın öz ərazisindən fəaliyyət göstərməsinə şərait yaratmaqda ittiham edir. Taliban hökuməti isə bu iddiaları mütəmadi olaraq rədd edib.
Mənbələrə görə, Kabildəki partlayışların TTP lideri Nur Vəli Mehsuda qarşı hədəfli hücumla əlaqəsi ola bilər. TTP sonradan Mehsudun sağ olduğunu iddia edən, lakin təsdiqlənməmiş səs yazısı yayıb.
BBC-nin Əfqanıstandakı müxbirinin məlumatına əsasən, partlayış baş verdiyi bildirilən ərazidə dağıntı izləri müşahidə olunmasa da, ərazidə çoxsaylı Taliban döyüşçüləri və yoxlama məntəqələri yerləşdirilib.
Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, vəziyyət gərginləşərsə, “bunun nəticələrinə görə məsuliyyət Pakistan ordusuna aid olacaq".
Hazırda Hindistanın paytaxtı Dehlidə səfərdə olan Talibanın xarici işlər naziri Əmir Xan Muttəqi isə münasibətlərin sabit qalmasının vacibliyini vurğulayıb: “Pakistan bu səhvi təkrarlamamalıdır. Məsələlərimiz müharibə ilə deyil, danışıqlar yolu ilə həll olunmalıdır", – Muttəqi Hindistan mediasına açıqlamasında deyib.
Mənbə: BBC News
Tərcümə etdi: Fəqan Nurullazadə
