Bu gün:

"Burnout"- Gənclərin səssiz yorğunluğu


24media.az-ın budəfəki müsahibi psixoloq Fuad Əsədovdur. O bizə gənclərdə tükənmişlik hissinin səbəbləri və çıxış yolları haqqında danışıb.

-Bəzi gənclərdə, xüsusilə tələbələrdə burnoutun (tükənmişlik, zehni yorğunluq) əsas səbəbləri nələrdir?

Gənclərdə, xüsusilə tələbələrdə burnoutun əsas səbəbləri yüksək akademik təzyiq, daim uğurlu olma tələbi, perfeksionizm, özünü tənqid və uğursuzluq qorxusudur. Bundan başqa, sosial və maliyyə stressi, yuxusuzluq, sağlam olmayan həyat tərzi, müəllim və ailə tərəfindən emosional dəstəyin azlığı da bu vəziyyəti gücləndirir. Sosial mediada digərləri ilə müqayisə etmək və rəqabət hissi də burnout riskini artıran amillərdəndir.

-Zehni yorğunluq yaşayan gənc bu vəziyyətdən psixoloji olaraq necə çıxa bilər?

Zehni yorğunluqdan çıxmaq üçün ilk addım özünü tanımaq və emosional sərhədləri müəyyənləşdirməkdir. Gənc real və əldə edilə bilən məqsədlər qoymalı, “hər şeyi mükəmməl etməliyəm” düşüncəsindən uzaqlaşmalıdır. Meditasiya və nəfəs məşqləri kimi stressi azaldan üsullar gündəlik həyata daxil edilə bilər. Ən önəmlisi psixoloq, mentor və ya etibarlı dostlarla danışmaq və sosial dəstək axtarmaq emosional bərpanı sürətləndirir. Sağlam yuxu, düzgün qidalanma və fiziki aktivlik də psixoloji bərpanın vacib hissəsidir.

-Gənclər üçün psixoloji dəstək necə daha əlçatan ola bilər?

Gənclər üçün psixoloji dəstəyin əlçatan olması üçün universitetlərdə pulsuz və anonim psixoloji yardım xidmətləri təşkil edilməlidir. Onlayn psixoloji dəstək platformaları və qısa fərdi və ya qrup konsultasiyaları gənclərin daha rahat müraciət etməsinə kömək edə bilər. Eyni zamanda müəllimlər və akademik heyət psixoloji rifahın vacibliyi barədə məlumatlandırılmalı, tələbələr arasında psixoloji maarifləndirmə və stress idarəetmə təlimləri keçirilməlidir. Bu, kömək axtarmaqla bağlı olan damğalanmanı da azaldar.

Hazırladı: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et