“Biz müharibədə deyilik, amma artıq sülhdə də deyilik.”

Almaniya kansleri Fridrix Mersin keçən ay söylədiyi bu xəbərdarlıq I Dünya Müharibəsi ərəfəsində Edvard Qreyin məşhur “Avropada lampalar sönür” sözləri qədər bədbin səslənməsə də, Avropada yeni bir tarixi mərhələnin başlandığını göstərir. NATO ölkələrinin hava məkanına şübhəli Rusiya dronları və təyyarələrinin girməsi, eləcə də dəniz və kiberməkanda təhlükəli hərəkətlərin artması vəziyyətin ciddiliyini bir daha ortaya qoyur.
80 il ərzində Avropa öz sülhünü toxunulmaz hesab edib. Amma indi buna əmin ola bilmir. Yeni dövrü xarakterizə edən ifadə “boz zona” adlanır - nə tam müharibə, nə də tam sülh vəziyyəti.
Mers bu narahatlığı tək hiss etmir. NATO-nun keçmiş baş katibi Corc Robertson da oxşar fikirdədir. O, Böyük Britaniya hökumətinin müdafiə icmalının həmmüəllifidir və son kiberhücumların, sabotajların Avropa boyu artdığını qeyd edərək xəbərdarlıq edib: “Bütün bunların sadəcə təsadüf olduğuna inana bilərikmi? Avropanın hər yerində sabotajlar baş verir”, - deyə Robertson keçən həftəki çıxışında bildirib.
“Biz "boz zona" hücumlarından narahat olmalıyıq. Lampalar sönəndə artıq çox gec olacaq" , - Robertson sözünə davam edib. Ukraynada gedən müharibədən çox uzaqda, Şotlandiyanın cənub-qərbindəki sakit Viqtaun şəhərində toplaşan dinləyicilərinə belə suallar ünvanlayıb: “Evinizin hər otağında işlək batareyalı fənərləriniz varmı? Bəs şamlarınız?”
Mənbə: CNN Politics
Tərcümə etdi: Emiliya Vəlicanova
