Azərbaycan universitetləri ilk dəfə “Times Higher Education” dünya reytinqində geniş təmsil olunub. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 24media.az xəbər verir ki, ölkə tarixində ilk dəfə dörd Azərbaycan universiteti dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən biri sayılan “Times Higher Education – World University Rankings 2026” siyahısına daxil edilib.

Əgər ötən il bu siyahıda cəmi iki universitetimiz yer almışdısa, 2020-ci ildə Azərbaycan universitetləri ümumiyyətlə reytinqdə təmsil olunmamışdı. Bu il isə nəticələr əhəmiyyətli dərəcədə yüksəlib.
İlk dəfə bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) TOP 1000 universitet arasında qərarlaşıb.
Bundan əlavə, ötən ilə nisbətən mövqelərini gücləndirən Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 1501+ intervalında təmsil olunublar. Reytinqdə ilk dəfə iştirak edən digər ali təhsil müəssisəsi — Azərbaycan Texniki Universiteti (AzTU) da 1501+ diapazonunda yer alıb.
Qlobal göstəricilərə əsasən, Azərbaycan Mərkəzi Asiya ölkələri arasında ikinci, Cənubi Qafqaz regionunda isə birinci yerdə qərarlaşıb.
Bütün meyarlar üzrə Azərbaycan universitetlərinin göstəriciləri orta hesabla +4 bal artım nümayiş etdirib. Bu nəticə ölkənin ali təhsil sistemində keyfiyyətin yüksəldiyini və beynəlxalq səviyyədə tanınmanın artdığını göstərir.
Rəna Qarayeva
