Müasir cəmiyyət dərhal həllini tələb edən bir çox ekoloji problemlə üzləşir. Bu problemlərdən biri də sirkdə heyvanların istismar olunmasıdır. Bu məsələ həm etik, həm də ekoloji xarakter daşıyır, çünki heyvanların əyləncə məqsədilə istifadə edilməsi onların həyatı və ətraf mühit üçün ciddi nəticələrə səbəb olur.

Sirk — heyvanların tamaşaçılar qarşısında çıxış etdiyi və müxtəlif fəndlər göstərdiyi yerdir. Lakin bu cür istismar heyvanları qəbuledilməz stressə və təhlükəyə məruz qoyur. Onların ölüm nisbəti vəhşi təbiətdəki ilə müqayisədə xeyli yüksəkdir. Məsələn, fillər, aslanlar və pələnglər kimi sirk heyvanları arasında yanlış qulluq, stres və pis rəftar nəticəsində ölüm halları daha çox müşahidə olunur. Britaniya Baytarlar Assosiasiyasının apardığı araşdırmaya əsasən, sirkdə saxlanılan fillərin ölüm nisbəti 40%-ə qədər yüksəlir, halbuki vəhşi təbiətdə bu göstərici cəmi 5%-dir.
Heyvanların bu sənayedə istismar edilməsinin bir neçə səbəbi var. Əsas səbəblərdən biri cəmiyyətdə uzun illər formalaşmış sirk ənənələridir. Bundan başqa, heyvanlardan istifadə bir çox sirk şirkətləri üçün gəlir mənbəyidir. Ekzotik heyvanların mürəkkəb fəndlər göstərməsi tamaşaçıların diqqətini cəlb edir və bu yolla gəlir əldə olunur. Beynəlxalq Sirk Sənətləri Federasiyasının məlumatına görə, heyvanlardan istifadə olunan sirk tamaşalarının illik dövriyyəsi təxminən 1 milyard dollardır.
Sirkdə heyvan istismarı sahəsində aparılan elmi tədqiqatlar bu praktikanın heyvanlara mənfi təsirini açıq şəkildə göstərir. Oksford Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma sirk şəraitində saxlanılan heyvanların yüksək səviyyədə stres və ağrı hiss etdiyini sübut edib. Alimlər həmçinin bu cür istismarın heyvan hüquqlarının və rifahının pozulması olduğunu qeyd edirlər. Məlumatlara görə, sirk heyvanlarının təxminən 90%-i əlverişsiz şəraitdə yaşayır və həm fiziki, həm də psixoloji əziyyət çəkir.
Problemin həlli üçün ciddi tədbirlər görülməlidir. İlk növbədə, sirk tamaşalarında heyvanların istifadəsi qadağan edilməlidir. Bir çox ölkə artıq bu istiqamətdə qanunlar qəbul edib və həqiqi heyvanları mexaniki və ya virtual modellərlə əvəzləməyə başlayıb. Hazırda 45-dən çox dövlət bu praktikanı qadağan edib. Məsələn, Böyük Britaniya və Avstriya kimi Avropa İttifaqı ölkələrində sirkdə heyvanlardan istifadə tamamilə yasaqlanıb. İkinci addım kimi, cəmiyyət arasında heyvan istismarının zərərləri barədə maarifləndirmə kampaniyaları aparılmalıdır. İnsanlara bu fəaliyyətin heyvanlara və ətraf mühitə mənfi təsiri izah edilməli, onların münasibətinin dəyişməsi və qadağalara dəstək göstərməsi təşviq olunmalıdır.
Nəticə etibarilə, sirkdə heyvanların istismarı qısa müddətdə həllini tapmalı olan ciddi bir problemdir. Heyvanların və ətraf mühitin qorunması üçün bu praktikanın qadağan edilməsi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. Yalnız bu yolla heyvanların hüquq və rifahını təmin edə, həm də planetimizin ekoloji davamlılığını qoruya bilərik. Elmi araşdırmalar və statistika bu qərarı dəstəkləmək üçün mühüm arqumentlər təqdim edir.
Mənbə: rgo.ru
Tərcümə etdi: Aysel Mehtizadə
