Bu gün:

III MDB Oyunlarının bağlanış mərasimi Gəncədə keçirilib


Bu gün Gəncə şəhər stadionunda III MDB Oyunlarının rəsmi bağlanış mərasimi baş tutub. Mərasimdə dövlət rəsmiləri, MDB ölkələrinin nümayəndə heyətləri, idmançılar və çoxsaylı tamaşaçılar iştirak ediblər.

Tədbir yarışların ən yaddaqalan anlarını əks etdirən videoçarxla başlayıb. Daha sonra Milli Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək Oyunların yüksək səviyyədə təşkil olunduğunu və Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsini bir daha sübut etdiyini vurğulayıb.Mərasimdə MDB Oyunlarının bayrağı endirilib və növbəti yarışlara ev sahibliyi edəcək ölkəyə təqdim olunmaq üçün MDB İcraiyyə Komitəsinə təhvil verilib. Bayrağın təhvil mərasimində Azərbaycan idmançıları – Nihad Rəhimov, Maqsud Mahsudov, Turqut Həsənov, Tərlan Qurbanəliyev, Oqtay Hüseynov, Əli Nəzərov, Humay Dadaşova, Gülər Hüseynova və Könül Eyvazlı – simvolik olaraq iştirak ediblər.Rəsmi hissə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə tamamlanıb. Ardınca bədii proqram təqdim olunub, musiqi və rəqs nömrələrindən sonra mərasim atəşfəşanlıqla başa çatıb.Bu ilki oyunlarda 13 ölkədən 1600-dən çox idmançı iştirak edib. Ümumi medal sıralamasında Rusiya 231 medalla (130 qızıl) birinci yeri tutub. Azərbaycan 184 medalla (33 qızıl) ikinci, Belarus isə 122 medalla üçüncü pillədə qərarlaşıb.III MDB Oyunları boyunca Gəncə idman və gənclik paytaxtına çevrilib. Yarışlar həm təşkilat baxımından, həm də idman nəticələri ilə Azərbaycan üçün uğurlu hesab olunur.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et