ABŞ-nin yüksək səviyyəli nümayəndələri və regional liderlər Misirdə İsrail və HƏMAS arasında dolayısı ilə aparılan danışıqların üçüncü gününə qatılıblar. Görüşlər Prezident Donald Trampın Qəzza münaqişəsini sona çatdırmaq planı çərçivəsində keçirilir.
Trampın müşaviri olmuş Stiv Vitkoff və onun qayın oğlu Cared Kuşner çərşənbə günü Şarm əl-Şeyxə gəliblər. Onlara Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl-Tani və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da qoşulub. Bu gün danışıqların nəticələrinin müəyyənləşdirilməsi baxımından həlledici mərhələ hesab olunur.
HƏMAS rəsmilərindən biri BBC-yə bildirib ki, təşkilat danışıqlarda “lazımi pozitivliyi” nümayiş etdirib və Qəzzada girov saxlanan şəxslərin azadlığı qarşılığında İsraildən buraxılmasını istədikləri fələstinli məhbusların siyahısını təqdim edib.
İsrail mediasının məlumatına görə, tərəflər arasında “ehtiyatlı nikbinlik” hökm sürür.
Donald Tramp da optimist yanaşaraq deyib:“Bu dəfə həqiqətən bir şey edə biləcəyimiz real şans var".
İlk iki gün ərzində aparılan dolayısı danışıqlar əsasən iki illik Qəzza müharibəsinin dayandırılması mexanizmlərinə, İsrail qüvvələrinin bölgədən çıxarılmasına və girov–məhbus dəyişdirilməsinə yönəlib.
Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Vitkoff və Kuşnerin gəlişini “çox təşviqedici” adlandıraraq bildirib ki, onlar “Tramp prezidentindən bu raundda müharibəni bitirmək üçün güclü mandatla” gəliblər.
İsrail tərəfini isə Baş nazir Benyamin Netanyahunun yaxın müttəfiqi, strateji işlər naziri Ron Dermər təmsil edir. Onun günortadan sonra Şarm əl-Şeyxə gələrək İsrail nümayəndə heyətinə rəhbərlik etdiyi bildirilir.
Mənbə: BBC
Tərcümə etdi: Fərid Tapdıqov
