Portuqaliyalı ulduz futbolçu Cristiano Ronaldo, maliyyə və media şirkəti Bloomberg-in məlumatına görə, futbol tarixində ilk milyarder oyunçu adını qazanıb.

Bloomberg-in Billionaires Index siyahısında Ronaldo-nun sərvəti ilk dəfə qiymətləndirilib və onun ümumi varidatı 1,4 milyard dollar (təxminən 1,04 milyard funt) olub. Qiymətləndirməyə futbol karyerası boyunca qazandığı gəlirlər, sərmayələr və sponsor müqavilələri daxildir.
Məlumata görə, 40 yaşlı hücumçu 2002–2023 illəri arasında maaş şəklində 550 milyon dollardan çox gəlir əldə edib. O, həmçinin Nike şirkəti ilə 10 illik müqavilə imzalayıb və bu müqavilə ona hər il təxminən 18 milyon dollar qazandırır.
Ronaldo 2022-ci ildə Səudiyyə Ərəbistanının “Al-Nassr” klubuna keçərək, futbol tarixində ən yüksək maaş alan oyunçu olmuşdu. Onun illik maaşı 177 milyon funt təşkil edirdi. Daha sonra o, 2025-ci ildə bitəcək müqaviləsini daha iki illik müddətə uzadıb. Yeni razılaşmanın dəyəri 400 milyon dollardan çoxdur və Ronaldonu klubda 42 yaşına qədər saxlayacaq.
Bloomberg həmçinin Lionel Messinin karyerası ərzində 600 milyon dollardan çox qazandığını bildirir. Argentina və “İnter Mayami” oyunçusu hazırda ildə 20 milyon dollar maaş alır. Bu məbləğ, Ronaldonun son illərdəki qazancının təxminən 10 faizinə bərabərdir.
Messi futbolu bitirdikdən sonra “İnter Mayami” klubunda pay sahibi olmağa hazırlaşır.
https://www.bbc.com/sport/football/articles/c1edxd020dwo
Mənbə: BBC / Bloomberg
Tərcümə edən: Nuray Ədilzadə
