Bu gün:

Niyə ildırım təyyarəyə zərər vurmur?


Müasir dövrdə təyyarələrin istehsalında kompozit materiallardan geniş şəkildə istifadə olunur. Bunun əsas səbəbi bu materialların xüsusi möhkəmliyə və yorulma davamlılığına malik olmasıdır. Lakin metallarla müqayisədə onların bəzi dezavantajları da var. Bu çatışmazlıqlardan biri — elektrik keçiriciliyinin ya olmaması, ya da çox aşağı səviyyədə olmasıdır.


Fırtınalı hava şəraitində təyyarələrə ildırım düşə bilər. Belə hallarda, əgər təyyarənin səthində yetərli keçiricilik təmin edilməzsə, ildırım enerjisi yalnız düşdüyü nöqtədə cəmlənir və bu da təyyarəyə ciddi zərər verə bilər.

Cam lifli kompozitlər polimer matrisa malik olduqları üçün elektrik keçiriciliyinə sahib deyillər və onların istilik keçiriciliyi də çox aşağıdır. Karbon lifli kompozitlər isə, karbon liflərinin boş elektronlara malik olması səbəbindən, polimer matris keçirici olmasa da müəyyən qədər elektrik keçiriciliyi yaradır. Lakin bu keçirmə qabiliyyəti ildırım enerjisini tam şəkildə paylamaq üçün kifayət etmir.

Bu problemi həll etmək üçün kompozit materialların xarici səthinə (yəni təyyarənin gövdəsinin xarici hissəsinə) metal tor (mesh) əlavə olunur. Bu metal torlar əsasən mis və ya bürünc (mis ərintisi) materialından hazırlanır. Mis yüksək elektrik keçiriciliyinə malik olduğu üçün təkcə aviasiyada deyil, elektrik kabellərində və bir çox sahələrdə geniş istifadə olunur.

Karbon lifli epoksid kompozit detallar hazırlanarkən, əvvəlcə xarici qat mis mesh və cam lifli epoksiddən ibarət olur. Daha sonra isə əsas mexaniki dayanıqlığı təmin edən karbon lifli qatlar əlavə edilir. Cam liflər istilik izolyasiyası qabiliyyətinə görə seçilir: ildırım düşən anda yaranan ani istiliyi izolyasiya edir və həmçinin galvanik korroziyanın qarşısını alır.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et