Bu gün:

Amerika kim tərəfindən kəşf edilib?


Kristof Kolumb Amerika qitəsinə çatan ilk insan olmayıb. Hətta onun Qərb yarımkürəsinə çox gec gəlmiş olduğunu demək belə kifayət etmir.

Qərb yarımkürəsinə ilk çatanlar, qədim Şimali Sibirlilər və Şərqi Asiyalılardan gələn yerli amerikalılar olub. Onlar yəqin ki, Berinq quru körpüsü vasitəsilə ya quru, ya da dəniz yolu ilə keçiblər. 

İlk amerikalıların nə vaxt gəldiyi hələ də mübahisəli bir mövzudur. Bir sıra tədqiqatlar Nyu-Meksikodakı White Sands (Ağ Qumlar) Milli Parkında tapılan fosilləşmiş insan ayaq izlərinin təxminən 21.000–23.000 il əvvələ aid olduğunu göstərir. Bu dövr, qitənin şimal hissəsinin buzlaqlar və buz təbəqələri ilə örtülü olduğu, son buz dövrünün ən soyuq mərhələsi — Son Buz Maksimumu (təxminən 26.500–19.000 il əvvəl) ilə eyni vaxta təsadüf edir.

Digər mübahisəli tədqiqatlar isə daha da qədim dövrlərə işarə edir. Məsələn, Meksikadakı Chiquihuite mağarasında tapılan daş alətlər 30.000 ildən daha qədim hesab edilir. Lakin bu daşların həqiqətən insanlar tərəfindən hazırlanıb-hazırlanmadığı, yoxsa təbii proseslər nəticəsində bu şəkildə formalaşdığı dəqiq bilinmir; bu da tapıntının etibarlılığını şübhə altına alır.

Bəzi digər tədqiqatlar isə daha da qədim dövrlərə gedib çıxır. 2017-ci ildə “Nature” jurnalında dərc olunan mübahisəli bir araşdırma, Kaliforniyada tapılan mastodon (nəsli kəsilmiş fil növü) sümüklərinin təxminən 130.000 il əvvəl insanlar tərəfindən kəsilmiş ola biləcəyini irəli sürüb. Lakin digər arxeoloqlar bu qazıntı ilə bağlı narahatlıqlarını bildirərək, sümüklərin insanların deyil, təbii hadisələrin və ya heyvanların təsiri ilə dəyişmiş ola biləcəyini qeyd ediblər. 

130.000 illik tarixi dövrü daha yaxşı anlamaq üçün: ən qədim Homo sapiens izləri təxminən 300.000 il əvvəl Mərakeşdə, insanların Asiyaya uğurlu köçünə dair ilk sübutlar isə 100.000 ildən çox əvvəl, Avropaya uğurlu köçə dair ən erkən dəlillər isə təxminən 55.000 il əvvələ aiddir.

Vikinqlər, Kolumbdan təxminən 500 il əvvəl, 11-ci əsrdə Qərb yarımkürəsinə çatdılar və Newfoundlandın şimal ucundakı L’Anse aux Meadows adlı bir qabaqcıl düşərgə belə qurdular. Lakin Şimali Amerikaya ilk çatan vikinqin kim olduğu hələ də məlum deyil.

Polinezyalılar, Kolumb gəlməzdən əvvəl yüzillərlə Qərb yarımkürəsinə səyahət etmiş ola bilərlər. 2020-ci ildə aparılan DNA tədqiqatı göstərir ki, Polinezyalılar ilə hazırkı Kolumbiya ərazisindən olan yerli amerikalılar təxminən 800 il əvvəl bir araya gəliblər. Lakin bu qarşılaşmanın Polinezyalıların Qərb yarımkürəsinə üzməsi nəticəsindəmi, yoxsa Qərb yarımkürəsindən insanların Polineziya adalarına getməsi səbəbindənmi baş verdiyi hələ də məlum deyil.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et