Aviasiya təhlükəsizliyi üçün əsaslı layihə hazırlanıb. Gənc mühəndislər tərəfindən hazırlanan nəhəng hava yastığı sistemi təyyarə qəzalarında sağ qalma şansını əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır. Süni intellektlə işləyən sensorlarla təchiz edilmiş bu innovativ sistem James Dyson Mükafatının finalçısı seçilib.

“Project Rebirth” adlanan konsept avtomobillərdə istifadə olunan hava yastığı texnologiyasını təyyarələrə uyğunlaşdırır. Sistem təyyarənin burun, gövdə və quyruq hissələrinə inteqrasiya olunmuş nəhəng təhlükəsizlik yastıqlarından ibarətdir. Potensial qəza halında bu təhlükəsizlik yastıqları saniyələr ərzində açılır və təsirin şiddətini azaldır.
Tərtibatçılar Eshel Wasim və Dharsan Srinivasan sistemi "süni intellektlə işləyən ilk qəzadan sonra sağ qalma həlli" kimi təsvir edirlər. Sİ davamlı olaraq təyyarənin sürətini, hündürlüyünü, mühərrik vəziyyətini, istiqamətini və pilotun reaksiyalarını izləyir. Qəzanın qaçılmaz olduğu müəyyən edilərsə, sistem iki saniyədən az müddətdə təhlükəsizlik yastıqlarını avtomatik olaraq işə salır.
12 iyun 2025-ci ildə Air India qəzası mühəndislərin bu layihə üçün təşəbbüsünün əsas səbəbi olub. Təyyarə havaya qalxdıqdan cəmi 32 saniyə sonra qəzaya uğrayıb, 260 nəfər həlak olub. Layihəni hazırlayan Vasim onların ilhamını belə izah edib: "Həmin qəzadan sonra anam günlərlə yata bilməyib. Sərnişinlərin çarəsizliyini və niyə xilasetmə sistemi olmadığını düşündük".
Ani monitorinq: Hündürlük, sürət, mühərrik, yanğın və pilot reaksiyaları daim təhlil edilir.
Avtomatik aktivləşdirmə: Sistem qəzanın qaçılmaz olduğu aydınlaşdıqda aktivləşir.
Nəhəng hava yastıqları: Çox qatlı parçadan hazırlanmış nəhəng yastıqlar zərbəni udur.
Əlavə təhlükəsizlik: Mühərriklər işləyirsə, əks hərəkət aktivləşdirilir; deyilsə, qaz itələyiciləri işə salınır.
Sərnişinin mühafizəsi: Oturacaqlardakı və divarlardakı mayelər zərbə zamanı sərtləşərək sərnişinləri qoruyur.
Layihəni hazırlayan mühəndislər sistemin təkcə yeni təyyarələrdə deyil, mövcud modellərdə də istifadə oluna biləcəyini bildirirlər. Əksər aviasiya texnologiyaları qəzaların qarşısını almağa diqqət yetirsə də, bu sistem sərnişinlərə qəzanın qaçılmaz olduğu hallarda belə sağ qalmaq şansı verir.
Dubaydakı Birla Texnologiya və Elm İnstitutunda tələbələr tərəfindən hazırlanmış layihə nüfuzlu James Dyson Mükafatının finalçısı seçilib. Oktyabrın 15-də açıqlanacaq qısa siyahıda olan Project Rebirth noyabrın 5-də açıqlanacaq beynəlxalq mükafatlandırma mərasimində 30 000 funt-sterlinq maliyyə qazanma şansına sahib olacaq.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
