Bu gün:

Nikola Teslanın Simsiz Gücü-Wardenclyffe Qülləsi


Nikola Teslanın dünya üçün inqilabi baxışı olub: o, elektrik enerjisinin simsiz ötürülməsini, fiziki xətlərə ehtiyac olmadan enerji və məlumatın çatdırılmasını arzulayıb. Bu ideyasını Wardenclyffe Tower layihəsi ilə nümayiş etdirməyə və istifadəyə verməyə çalışıb. Tesla “Dünya Simsiz Sistemi”ni Yerin nəhəng elektrik dövrəsi kimi istifadə edərək teleqraf, radio və enerji siqnallarını ötürə bilən sistem kimi təsəvvür edib.1891-ci ildə yüksək tezlikli dəyişən cərəyanlarla təcrübələr aparıb və 1897-ci ildə Yer səthindən və ionosferdən istifadə edərək simsiz enerji ötürmə sistemi üçün patent alıb (Patent № 645,576). 1899-cu ildə Kolorado Springs-ə gedib, burada 6000 futdan yüksəkdə və tez-tez çaxan şimşəklər arasında genişmiqyaslı simsiz enerji təcrübələri aparıb. Tesla bu təcrübələrin simsiz enerji ötürülməsinin mümkünlüyünü sübut etdiyini düşünüb. 1901-ci ildə Nyu Yorka qayıdıb və JP Morgan-ın maliyyə dəstəyi ilə Wardenclyffe Tower və laboratoriyanı tikməyə başlayıb. Memar Stanford White tərəfindən layihələndirilən 187 fut hündürlüyündə qüllə simsiz enerji və rabitə ötürücüsü kimi nəzərdə tutulub. 1902-ci ilə qədər qüllənin və laboratoriyanın böyük bir hissəsi tamamlanıb, lakin maliyyə təzyiqləri və JP Morgan-ın kommersiya şübhələri səbəbindən işlər yavaşlayıb. Nəticədə, qüllə heç vaxt işləməyib və 1917-ci ilə qədər hurdaya satılıb.

Tesla 1943-cü ildə ölümünə qədər simsiz enerji nəzəriyyələri üzərində işləməyə davam edib, lakin tam işlək simsiz enerji sistemi qurma arzusu həyata keçməyib. Onun ideyaları uzaqgörən olub və müasir simsiz texnologiyalara, Wi-Fi, simsiz enerji doldurma, uzun məsafəli rabitə və mobil telefonlara təsir göstərib. Bu gün Wardenclyffe, Tesla Elm Mərkəzində qorunub saxlanılır və onun irsini, təxəyyülünü və qabaqcıl işlərini davam etdirən tədqiqatlara ilham verir.

Mənbə: Tesla Science Center
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et