Üç tanınmış fikir adamı – israilli tarixçi Yuval Noah Harari, Nobel sülh mükafatı laureatı və jurnalist Maria Ressa, həmçinin keçmiş britaniyalı siyasətçi Rory Stewart – dünyanın bugünkü vəziyyəti və “çətin dövrlərdə yaxşı həyat yaşamağın” yolları barədə fikir mübadiləsi aparıblar.

Müzakirə zamanı süni intellektin yüksəlişi, demokratiyanın böhranı, informasiya manipulyasiyası və qlobal ədalətsizliklər kimi mövzular diqqət mərkəzində olub.
Yuval Noah Harari bildirib ki, müasir texnologiyalar artıq insan zehnini “hack” etmək, yəni istəklərini və düşüncələrini manipulyasiya etmək gücünə sahibdir: “Liberal demokratiya bu yeni vəziyyətə uyğunlaşmağı bacarmır. Biz süni intellekt yaradırıq, amma unuduruq ki, zəkalı olmaq hələ ağıllı və mərhəmətli olmaq demək deyil".
Maria Ressa isə vurğulayıb ki, informasiya mühitinin dağılması və “məlumatın kommersiyalaşması” demokratiyaları zəiflədir: “Artıq texnologiya bizə qarşı silaha çevrilib. Biz faktlara deyil, manipulyativ hekayələrə inanırıq".
Rory Stewart isə müasir siyasətin etik dəyərlərini itirdiyini deyib: “Artıq siyasət ciddi məsuliyyət deyil, bir növ oyun kimi qəbul olunur. Liz Truss hökumətində işləyərkən gördüm ki, siyasət Instagram şousuna çevrilib".
Müzakirədə həmçinin süni intellektin bəşəri yaradıcılığı kölgədə qoyması, iqlim böhranı, iqtisadi bərabərsizlik və artan müharibə riskləri kimi məsələlər də müzakirə olunub.
Harari yekunda deyib: “Əgər həqiqətin qalib gəlməsini istəyiriksə, bu, hər birimizin üzərinə düşür. Reallıq avtomatik olaraq qalib gəlmir – hər kəs öz payına düşən işi görməlidir".
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
