İngiltərənin şimal-qərbində aparılan arxeoloji qazıntıda, Floridadan gələn bir arxeologiya tələbəsi ilk qazıntısının cəmi 90-cı dəqiqəsində nadir bir qızıl əşya kəşf edib.
Qızıl əşya cəmi 4 sm uzunluğunda və kiçik bir topuz şəklindədir. 2021-ci ildə eyni ərazidə metal detektoru ilə tapılmış oxşar bir parçaya çox bənzəyir, lakin bir az daha böyükdür. Həmin əşya eramızın 800–1000-cü illərinə aid “topuz başlı iynə” kimi təsnif edilib.
Hər iki qızıl əşya da, qədim Roma dövründə mühüm ticarət yolu olan Dere Street yaxınlığında tapılıb. Bu yol eramızın II əsrində Roma İmperiyasının şimal sərhədlərinə, xüsusilə Şotlandiyaya mal daşımada həyati əhəmiyyət daşıyıb.
Qızılın tarix boyunca yüksək statusla əlaqələndirilməsi, bu iki parçanın adi bəzək əşyaları olmaqdan daha çox, mərasim və ya dini funksiyaya sahib ola biləcəyi fikrini doğurur. Qazıntı komandasının rəhbəri və Newcastle Universitetindən Roma arxeologiyası professoru Ceyms Qerrard deyib: “Dere Street, Roma dövründən sonrakı dövrlərdə də mühüm keçid marşrutu idi. Bu iki əşyanın məqsədli şəkildə basdırılmış olması ehtimalı var".
Mənbə: Sözcü
Tərcümə etdi: Aytac Musayeva
