Bu gün:

İlk dəfə: Dinozavr yumurtası birbaşa tarixləndirilib


Alimlər ilk dəfə olaraq fosilləşən bir dinozavr yumurtasının yaşını birbaşa müəyyən etməyə nail olublar. Çinin Şiyan şəhərində yerləşən yuvalanma sahəsində tapılan yumurtalardan biri üzərində aparılan analizlər onun təxminən 85,9 milyon il əvvələ aid olduğunu göstərir.

Frontiers in Earth Science jurnalında dərc olunan araşdırmaya əsasən, Hubey əyalətinin Şiyan şəhərində aşkarlanan yuvalanma ərazisində yerləşən 28 yumurta klasterindən birinə aid nümunə Geç Kritase dövrünün orta mərhələsinə — təxminən 85,9 milyon il əvvələ tarixləndirilib.

Bu günə qədər dinozavr yumurtalarının yaşı adətən dolaylı üsullarla, yəni yumurtaların tapıldığı süxur qatlarının və ya vulkanik kül təbəqələrinin tarixləndirilməsi yolu ilə müəyyən edilirdi. Lakin bu metodlar həmişə qəti nəticə vermirdi; çünki həmin təbəqələrin formalaşma vaxtı yumurtaların qoyulduğu dövrlə üst-üstə düşməyə bilərdi.

Arkeofili platformasının yaydığı məlumata görə, yeni tədqiqatda alimlər fərqli yanaşma tətbiq ediblər. Fosilləşmə zamanı yumurta qabığında yığılan mineralları təhlil etmək üçün lazerlə buxarlaşdırma texnikasından istifadə olunub. Alınmış buxarın tərkibindəki uran və qurğuşun atomları ölçülüb. Uranın zaman keçdikcə qurğuşuna çevrilməsi, geoloji materialların yaşını müəyyənləşdirmək üçün etibarlı üsullardan biri hesab edilir. Bununla da ilk dəfə dinozavr yumurtası dolaylı sübutlara əsasən deyil, birbaşa öz qabığı vasitəsilə tarixləndirilib.

Tədqiqatın müəlliflərindən, Çin Elmlər Akademiyasının geoloqu Sin Çenq qeyd edir: “Bildiyimiz qədərilə bu, Çində və yəqin ki, dünyada dinozavr yumurta qabıqlarına tətbiq edilən ilk birbaşa izotop yaşlandırma metodudur".

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et