Bu gün:

Amerika təcrübəsi Azərbaycanda


ABŞ səfirliyinin Azərbaycandakı ofisinin dəstəyi ilə Alumni Mentor/Məsləhətçi Mübadiləsi (Alumni MAX) Proqramı 2025-ci ilin sentyabr ayı boyunca Azərbaycanın müxtəlif universitetlərindən olan məzunları, tələbələri və müəllim heyətini bir araya gətirib.

ABŞ təhsilli məzunlar təsir investisiyaları və onların ölçülməsinə dair Vaşinqtondan dəvət olunmuş ekspert, VİAKA şirkətinin direktoru Alicia Sornson tərəfindən aparılan interaktiv təlim sessiyalarında və məsləhət saatlarında iştirak ediblər. İştirakçılar qlobal trendlər və onların çərçivələrini öyrənməyə, maliyyə gəlirləri ilə sosial təsiri balanslaşdırmaq strategiyalarını araşdırmağa və öz ideyalarını təqdim etməyi sınaqdan keçiriblər. 

Açılış sessiyasında ABŞ-nin Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə Əlaqələr üzrə nümayəndəsi Maykl Hakett bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ABŞ akademik təcrübəsinin Azərbaycana gətirilməsini yüksək qiymətləndirib və Azərbaycan məzunları ilə birgə çalışmaqdan məmnunluğunu bildirib. 

Sentyabr ayı boyunca ABŞ-nin Miçiqan Dövlət Universitetinin professoru Volodymyr Tarabara Ağıllı Su Həlləri üzrə Seminarlar Seriyası və ali təhsil müəssisələrinin akademik heyəti, eləcə də ekspertlərinin iştirakı ilə ABŞ–Azərbaycan Su İnnovasiyaları üzrə Akademik Mübadilə adlı virtual Dəyirmi Masa təşkil edilib. Sessiyalarda su və tullantı sularının təmizlənməsi, dayanıqlılıq və membran texnologiyaları üzrə qabaqcıl tədqiqatlar və təcrübələr haqqında məlumat verilib. Dəyirmi Masa zamanı akademik-sənaye tərəfdaşlıqları, beynəlxalq əməkdaşlıq, su sahəsinə dair birgə tədqiqatların aparılması və  ABŞ təcrübəsinin Azərbaycanda yayılması məsələlərinə toxunulub. 

“Bu tədbirlər Alumni MAX proqramının ABŞ-nin qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsi və peşəkar inkişafı təşviq etmək öhdəliyini bir daha nümayiş etdirir. Məzunları, tələbələri və müəllim heyətini ABŞ-nin aparıcı mütəxəssisləri ilə birləşdirərək, biz peşəkar şəbəkələri gücləndirməyi və Azərbaycanın dayanıqlı inkişafına töhfə verməyi hədəfləyirik” - deyə təşkilatçılar bildiriblər. Bu proqram Impact Azerbaijan və American Azerbaijan Alumni Association (AAA) təşkilatlarının texniki dəstəyi ilə həyata keçirilib.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et