Kitab oxuma vərdişi uşaqların zehni inkişafını dəstəkləyən ən mühüm fəaliyyətlərdən biri kimi qarşımıza çıxır. Uşaqlar üçün ən vacib rol modellər olan valideynlərin, şübhəsiz ki, bu mövzuda böyük rolu var.
Uşaq dünyaya gəldiyi andan ilk tanış olduğu insanlar valideynləridir. Bu vəziyyət ana ilə uşaq arasında bağlılıq yaradır və hər bir insanın həyatının qalan hissəsinə əhəmiyyətli dərəcədə təsir edir. Ana ilə qurulan münasibət qədər vacib olan digər münasibət isə, şübhəsiz ki, ata ilə olan münasibətdir. Elmi araşdırmalar göstərir ki, atanın uşağın həyatında fəal iştirak etməsi, onunla uzun olmasa belə səmərəli vaxt keçirməsi, uşağın sağlam inkişafı üçün ana qədər vacibdir.
Uşaqlar valideynlərini təqlid edərək öyrənirlər. Ona görə də kitab oxuma vərdişi qazandırmaq üçün ilk növbədə, sizin kitab oxuduğunuzu görmələri vacibdir. Valideynlərini nümunə götürən uşaq bu davranışı da təqlid edir və kitab oxumağın yaxşı bir şey olduğunu dərk edir.
Seçim haqqları verin
Uşağınız oxuduğu kitaba diqqət yetirməkdə çətinlik çəkirsə, səbəb maraqlı gəlməyən kitablarla qarşılaşması ola bilər. Ona seçim haqqı verin və kitabı özünün seçməsinə şərait yaradın. Bu, onda məsuliyyət hissini artıracaq, həm də maraqlarını kəşf etməsinə və özünü azad hiss etməsinə kömək edəcək.
Kitab oxumağa təşviq edin
Məktəbəqədər dövrdə uşaqların ən çox sevdiyi məşğuliyyətlərdən biri onlara kitab oxunmasıdır. Oxunan hadisələrlə bağlı uşağınızın fikrini soruşmaq həm ona zövq verəcək, həm də düşünmə bacarıqlarını inkişaf etdirəcək. Kitabın bir hissəsini oxuyub davamı haqqında müzakirə aparmaq isə uşağın oxuma prosesinə fəal qatılmasına və yaradıcı düşünməsinin güclənməsinə kömək edəcək.
Hekayədəki qəhrəmanlar barədə suallar vermək uşağın diqqətini toplamağa kömək edir. Məsələn, ‘səncə qəhrəman bu vəziyyətdə nə edərdi?’ kimi suallar uşağı hekayənin içinə cəlb edir. Oxumağa yeni başlayan dövrdə isə uşaqları şəkilli kitablarla həvəsləndirmək faydalıdır. Çünki təsəvvür gücünün ən güclü olduğu bu mərhələdə şəkillər onların xəyallarını daha da zənginləşdirir.
Mənbə: Hepsiburada.com
Tərcümə etdi: Aytac Musayeva