Bu gün:

Sabah başlayır: 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi


Sabah, oktyabrın 1-də Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi start götürəcək. Tədbir 7 oktyabra qədər davam edəcək və oxuculara zəngin proqram təqdim edəcək.


Bu il sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusu ilə keçirilir. Mədəniyyət Nazirliyinin təşkil etdiyi ənənəvi tədbirə maraq əvvəlki illərdən daha böyükdür. Belə ki, sərgidə 23 ölkədən 68 xarici təşkilat və 123 yerli nəşriyyat-poliqrafiya müəssisəsi iştirak edəcək. İlk dəfə olaraq İspaniya, Küveyt və İndoneziya da Bakı kitab bayramına qoşulacaq.
Ziyarətçiləri 220-dən çox təqdimat, konfrans, imza günü, ustad dərsləri, qiraət saatları və musiqi proqramları gözləyir. Sərgidə həm tanınmış yazarlarla görüşlər, həm də gənc müəlliflərin təqdimatları olacaq.
Maraqlananlar sərgini pulsuz ziyarət edə biləcək. Ekspo Mərkəzinə gəlmək üçün “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından xüsusi avtobuslar da ödənişsiz fəaliyyət göstərəcək. Sərginin qapıları hər gün saat 10:00-dan 20:00-dək açıq olacaq.
Mədəniyyət Nazirliyi tədbirin regionun ən böyük kitab sərgilərindən biri kimi yadda qalacağını bildirir.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et