1925-ci ilin 2 oktyabrında ixtiraçı Con Loji Baird ilk dəfə insan üzünün hərəkətli görüntüsünü televiziyada göstərib. İlk televiziya ulduzu isə gənc ofis işçisi Uilyam Taynton olub.
Baird əvvəllər müxtəlif ixtiralar sınayıb, amma çox uğur qazanmayıb. O, köhnə əşyalar, taxta qutular, velosiped lampaları və linzalarla laboratoriya qurub. Əvvəlcə “Stooky Bill” adlı kukladan istifadə etsə də, nəticə alınmadığı üçün Tayntonu çağırıb. Taynton çox güclü işıqların istisindən çətinlik çəkib, amma bir neçə dəqiqə oturub və nəticədə, Baird onun üzünü ekranda görüb. Bu, tarixdə ilk aydın hərəkətli insan görüntüsü idi.
Baird Tayntona ilk “televiziya haqqı” olaraq kiçik pul verib. Sonra Taynton da ekrandan Bairdin üzünü görüb. O bunu “çox kobud, amma hərəkətli şəkil” kimi təsvir edib. 1926-cı ilin yanvarında Baird ilk ictimai televiziya nümayişini edib. Onun qurğusu sonradan daha güclü firmaların texnologiyası ilə əvəz olunsa da, o, televiziyanın əsasını qoyub.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
