Tokofobiya — hamiləlikdən və doğum prosesindən güclü şəkildə qorxma vəziyyətidir. Bu hal həm uşaq sahibi olmaq istəyənləri, həm də istəməyənləri təsirləndirə bilər. Tokofobiyadan əziyyət çəkənlər və uşağa sahib olmamağı seçənlər çox vaxt insanları mütləq valideyn olmağa sövq edən pronatalizm adlı mədəniyyət və sosial təzyiqlərin təsirinə məruz qalırlar.
Birincili tokofobiya — heç vaxt hamilə qalmamış və ya doğum etməmiş şəxslər üçün işlədilən anlayışdır.
• İkincili tokofobiya isə artıq hamilə qalmış şəxsləri ifadə edir.
• Hamiləliyin və valideynliyin həyatın “təbiəti etibarilə ayrılmaz bir hissəsi” olduğu barədə cəmiyyətin mövcud fərziyyəsi həm tokofobiyadan əziyyət çəkənlərin, həm də könüllü şəkildə övlad sahibi olmayanların üzərində sosial basqı yaradır. Nəticədə, valideyn olmaq istəməyənlər çox vaxt yanlış anlaşıldıqlarını və ya cəmiyyətdən kənarlaşdırıldıqlarını hiss edirlər. Digər tərəfdən, uşaq sahibi olmaq istəyən qadınlarda da hamiləlik və doğumla bağlı qorxular müşahidə oluna bilir.
• Bir çox mədəniyyətlərdə hamiləlik və doğum müəyyən mənada “qorxulu maraq” mövzusu kimi qəbul edilir. Mediaya və filmlərə baxdıqda doğumun şiddətli, dramatik təsvirləri (məsələn, qadının qışqıraraq ağrı içində olması, anesteziya üçün yalvarması və s.) tokofobiyanın formalaşmasına səbəb ola bilər. Belə təsvirlər insanlarda real təcrübələrdən və elmi faktlardan daha çox təsir gücünə malik olur.
• Uşaqsız yaşayan bütün insanların doğumdan qorxduğunu iddia etmək doğru olmaz. Hətta bəzi qadınlar hamiləlik və doğum təcrübəsini yaşamaq istədikləri üçün daşıyıcı ana olmağı qəbul edirlər. Uşağı olmamağı seçən bəzi insanlar üçün tokofobiya bu qərarda rol oynasa da, çoxsaylı başqa səbəblər də mövcuddur (maliyyə çətinlikləri, ekoloji faktorlar və s.).
• Tokofobiyanın bir çox səbəbləri ola bilər. Məsələn: filmlərdəki doğum səhnələri, ictimai yerlərdə hamilə qadınları görmək, hətta hamiləliyi xatırladan əşyalar (məsələn, xüsusi bədən yastıqları). Seksual münasibət və doğumun nəticələri də əlavə narahatlıq doğura bilər.
• Tokofobiyası olan şəxslər qorxularını aradan qaldırmaq üçün tez-tez hamiləlik testi etməyə meylli ola bilərlər. Əlbəttə, doğumdan qorxmaq normaldır, lakin fobiya real təhlükə ilə uyğun gəlməyən dərəcədə şiddətli qorxu halıdır.
• Uşaq sahibi olmamağı seçənlər arasında tokofobiya rol oynaya bilər. Kimlərsə valideyn olmağı öz rifahına və həyat tərzinə təhlükə kimi gördüyündən hamiləlik ideyası da qorxulu görünə bilər. Bəziləri isə ümumiyyətlə uşaqlardan xoşlanmadığı üçün bu fikirdən iyrənə bilər.
• Tokofobiyadan yalnız qadınlar deyil, həm də kişilər, transseksuallar və qeyri-binar şəxslər əziyyət çəkə bilərlər. Yəni bioloji olaraq hamilə qala bilməmək bu qorxudan tamamilə uzaq olmaq demək deyil. Bu da bir daha tokofobiyanın yalnız bioloji deyil, həm də sosial və mədəni səbəblərlə bağlı olduğunu göstərir.
Məsələn, tokofobiyası olan bir çox qadın doğum zamanı öləcəyinə inanır. Terapevt isə faktlarla bu inancı sorğulamağa kömək edir. Əslində, doğum zamanı ölüm halları çox nadir baş verir.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı