Bu gün:

"ABŞ–Ukrayna hərbi əməkdaşlığı yeni güc balansı yarada bilər"


24media.az-ın budəfəki müsahibi politoloq Tural İsmayılovdur. O, Rusiya-Ukrayna müharibəsində ABŞ-nin münasibətləri və planlaşdırılan müqavilə haqqında danışıb.

- ABŞ-nin münasibətləri və planlaşdırılan müqavilə müharibənin gedişatını necə dəyişə bilər?

Ukrayna ilə ABŞ arasında planlaşdırılan 90 milyard dollarlıq meqa müqavilə təkcə hərbi yardım deyil, həm də “geosiyasi” mesajdır. Bu razılaşma Ukraynanın müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, onun strateji hücum imkanlarını da genişləndirə bilər. 

-  Ukraynanın hərbi strategiyası ABŞ-nin açıq dəstəyi ilə hansı üstünlüklər qazana bilər?

Uzun mənzilli silahların müqaviləyə daxil edilməsi münaqişənin dinamikasını dəyişdirəcək. Rusiya üçün “yeni təhlükəsizlik dilemması” yaradacaq. Zelenskinin Trampla razılaşması ABŞ-nin Ukrayna ilə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu, həm də Vaşinqtonun Avropadakı təhlükəsizlik arxitekturasına verdiyi prioritetin göstəricisidir. Ukraynanın bu qədər silah alması onun təkcə müdafiə deyil, strateji cavab imkanlarını artırmaq niyyətini də ortaya qoyur. Müqavilənin miqyası “NATO”nun bəzi üzv ölkələrinin illik hərbi büdcəsini belə üstələyir. Bu, Ukraynanın faktiki olaraq “NATO”nun silah sistemlərinə inteqrasiyası deməkdir. Rusiya bu addımı təxribat kimi qiymətləndirə və cavab tədbirləri ilə çıxış edə bilər. Lakin bu yardım Ukraynanın müharibədə mövqeyini gücləndirəcək və onu daha dayanıqlı edəcək. 

Müqavilə Ukraynanın hərbi sənayesinin modernizasiyası üçün də “stimul rolunu” oynayacaq. Bu, həm də Avropada silah bazarının yenidən bölüşdürülməsinə səbəb ola bilər. Zelenskinin bu addımı daxili-siyasi mövqeyini gücləndirmək və xalqına biz tək deyilik mesajı vermək məqsədi daşıyır. Müqavilə Qərbin Ukraynaya verdiyi strateji zəmanətin konkret ifadəsidir. Bu yardım müharibənin gedişatını dəyişdirməyə qadir olan nadir addımlardan biri ola bilər. ABŞ və Ukrayna arasında bu səviyyədə hərbi əməkdaşlıq regionda yeni güc balansının formalaşmasına səbəb olacaq. Nəticədə, meqa müqavilə təkcə silah deyil, həm də “siyasi iradənin, strateji vizyonun və geosiyasi” cəsarətin manifestidir.

-  Bu mövqe Moskva ilə Vaşinqton arasında münasibətləri hansı istiqamətə apara bilər?

Müqavilənin icrası Ukraynanın döyüş meydanında daha çevik və texnoloji üstünlük əldə etməsinə imkan verəcək. Bu, həm də Rusiyanın strateji planlarını yenidən nəzərdən keçirməyə məcbur edəcək. Ukrayna bu silahlarla təkcə torpağını qorumaq deyil, diplomatik masada daha “güclü mövqe” tutmaq istəyir. 

Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et