Bu gün:

Falcon Yeni Zelandiyada ilin quşu seçilib


Yeni Zelandiya şahini ölkədə hər il keçirilən “İlin quşu” müsabiqəsinin qalibi olub və səslərin 21%-ni qazanıb. Maorilərin Kārearea adlandırdığı bu sürətli yırtıcı, dalış zamanı 200 km/saat sürətə çata bilir. Bu qabiliyyəti sayəsində o, sıx meşələrdə ov etməkdə ustadır. Lakin hazırda risk altındadır – təbiətdə yalnız 5–8 min fərdi qalıb. Bu il 20-ci ildönümünü qeyd edən yarışma, Yeni Zelandiyanın təhlükə altında olan yerli quş növlərinə diqqət çəkməyi hədəfləyir.Müsabiqədə 73 quş iştirak edib. Hər birinin könüllü kampaniya meneceri olub və onlar seçiciləri cəlb etmək üçün memlərdən, çarxlardan və əllə hazırlanmış plakatlardan istifadə ediblər.Təşkilatçı qurum Forest & Birdin baş icraçı direktoru Nikola Toki deyib: “Memlərin və zarafatların arxasında ciddi bir mesaj var. İlk onluğa düşən quşların 80%-i təhlükə altındadır”. O, əlavə edib ki, builki yarışmada iştirak edən kakapo və qara robin kimi iki növ isə “milli miqyasda kritik” vəziyyətdədir və hər birindən 300-dən az fərd qalıb. Toki vurğulayıb: “Yaşayış yerlərinin məhv edilməsi, iqlim dəyişikliyi və gətirilmiş yırtıcılar bir çox növləri nəsli kəsilmə həddinə yaxınlaşdırır. Lakin ictimai məlumatlandırma güclü təsir göstərə bilər”. Bu il rekord sayda – 75 mindən çox insan səs verib. Hətta quşlar seçki debatına da “qatılıb”, onların kampaniya menecerləri niyə səs verilməli olduğunu izah ediblər. Qalib titulundan əlavə, kārearea yeni hazırlanacaq Maori dilində mahnının (waiata) mövzusu olacaq. Ən çox səs toplayan ikinci quş 12.506 səslə kea, üçüncü isə 11.726 səslə qara robin olub. Qara robin ötən il qalib gəlməyə yaxın idi, lakin titulu sarı gözlü pinqvin – hoiho qazanmışdı. Yarışmada dünyanın ən ağır tutuquşusu sayılan kakapo da iştirak edib. O, iki dəfə qalib gəldiyi üçün 2022-ci ildə kənarlaşdırılmışdı ki, digər quşlara da şans verilsin. Bu il yaxşı nəticə göstərən, amma hələ qalib gəlməyən digər quşlar arasında bir vaxtlar nəsli tükənmiş hesab edilən takahē və müəmmalı ruru – kiçik bayquş da olub.

Sevimli quşlara səs verməklə yanaşı, insanlar bu il “Birdle” adlı xüsusi onlayn söz oyununda da iştirak edə biliblər. Yarışma son illərdə beynəlxalq diqqət qazanıb. Buna səbəb komediyaçı Con Oliverin nadir pūteketekenin qalib gəlməsi üçün apardığı səs-küylü kampaniya olub – o, tok-şousunda quş kimi geyinmiş, hətta müxtəlif ölkələrdə reklam lövhələri quraşdırmışdı. Keçmişdə müsabiqə səsvermə saxtakarlıqları və hətta 2021-ci ildə qalib elan edilən yarasa ilə bağlı mübahisələrlə yadda qalıb. Bu il isə 70-dən çox quş növü yarışıb. Onların qorunma statusu “yaxşı vəziyyətdə”ndən “ciddi təhlükədə”yə qədər dəyişir. Qeyd edək ki, yalnız Yeni Zelandiya deyil – Avstraliya da hər il “İlin quşu” müsabiqəsini keçirir və bu yarış oktyabradək davam edir.

Mənbə: BBC
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et