Bu gün:

Qanuni Sultan Süleymanın cənazəsi niyə İstanbula aparılmadı?


Osmanlı imperatorluğunun ən qüdrətli hökmdarlarından Kanuni Sultan Süleyman 1566-cı ildə Zigetvar yürüşü zamanı vəfat edib. Xəstə halda yürüşə qatılan sultanın ölümü 6 sentyabr gecəsi baş verib. O zaman qalaya nəzarət hələ ələ keçirilməyib. Vəziri-əzəm Sokollu Mehmed Paşa, orduda ruh düşkünlüyü yaranmasın deyə, ölümü 42 gün gizli saxlayıb.

Cəsəd isti hava şəraitində tez xarab ola biləcəyindən daxili orqanlar çıxarılıb, ətirlərlə işlənib və gizlicə müvəqqəti dəfn olunub. Qanuninin namazı da məxfi şəkildə qılınıb. Daha sonra cənazə İstanbul üçün yola salınıb, lakin qəlbi və digər orqanları Zigetvarda qalıb.

Tarixi mənbələrdə qeyd olunur ki, Sultan Süleymanın qəlbi Zigetvardan təxminən 3 kilometr aralıda, Turbek adlı ərazidə dəfn olunub. Əvvəllər kilsə kimi istifadə edilən bu tikili Osmanlı dövründə türbəyə çevrilib və ziyarət məkanına dönüb. Evliya Çələbi də “Səyahətnamə”sində bu türbədən bəhs edir.

Osmanlı ordusunun Macarıstandan çəkilməsindən sonra türbə dağıdılıb və yeri uzun müddət unudulub. Yalnız son dövrdə “Üzüm Təpəsi” deyilən sahədə aparılan qazıntılar nəticəsində türbənin qalıqları və həmin dövrdə salınan kiçik Osmanlı qəsəbəsinin izləri aşkarlanıb. Ərazidə məscid, təkkə, kışla və türbənin olduğu müəyyən edilib.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et