Troyada 160 ildən artıq davam edən araşdırmalar nəticəsində Erkən Tunc dövrünə aid daha iki mühüm tapıntı aşkarlanıb: halqa formasında qızıl fibula və çox nadir rast gəlinən yaşma daşı.
Halqa formasında fibula və yaşma daşı Troya II təbəqələrindən tapılıb.
Sözügedən qızıl fibula indiyə qədər Troya’da tapılan ən önəmli əsərlərdən biridir: yüksək ustalıq, estetik dizayn və yerli istehsala işarə edən xüsusiyyətlərə malikdir.
Yaşma daşı isə tamamilə başqa bir hekayə danışır. Bu materialın təbii mənbələri əsasən Şərqi Asiya (Çin) və Orta Asiya (Əfqanıstan) ərazilərində cəmləşib. Onun Troya’da tapılması isə Tunc dövründə şəhərin uzaq məsafəli ticarət şəbəkələrinə daxil olduğuna dair güclü bir göstəricidir.
2014-cü ildən bəri professor Rüstəm Aslanın rəhbərliyi, professor Reyhan Körpənin köməkliyi ilə aparılan Troya qazıntıları bu mövsüm tapılan qızıl fibula, yaşma daşı və sümük alətlər vasitəsilə şəhərin əl işçiliyi, sənətkarlığı və uzaq ticarət əlaqələri barədə yeni məlumatlar təqdim edib.
Əsərlərin yaxın vaxtlarda Troya Muzeyində ziyarətçilərə təqdim edilməsi planlaşdırılır.
Mənbə: Arkeofili
Tərcümə etdi: Aytac Musayeva