Bu gün:

Hər kəs influencer ola bilərmi?


Sosial media minalanmış sahədir. Burada insanlar bəyənmələr uğrunda yarışır, diqqət çəkməyə çalışır, ləğv edilmə riski ilə üzləşir və bir gecədə viral olmağı xəyal edirlər. Şanslı bir neçə nəfər üçün bu, gəlirli karyera yoluna çevrilir. Proqnozlara görə, yaradıcı iqtisadiyyatın 2027-ci ilə qədər təxminən 500 milyard dollar (372 milyard funt sterlinq) dəyərində olacağı gözlənilir. Amma çoxları üçün sosial media – kimin görünəcəyinə, kimin isə görünməz qalacağına alqoritmin qərar verdiyi, çaşdırıcı və bəzən bağışlanmaz bir məkandır. Bəs bu çətinlikləri aşmaq həqiqətən nə qədər mümkündür? Heç bir sosial media hesabı olmayan üç həvəsli insan cəmi üç ay ərzində istedadlarını sosial media cəlbediciliyinə çevirmək çağırışını qəbul edib.Dulusçu və insultdan sağ çıxan Emily, tarixçi Alun və teatr ifaçısı Danyah izləyici toplamağa çalışmaq, həmçinin onlayn şöhrətin gətirdiyi emosional sınaqlarla üzləşmək kimi enişli-yoxuşlu bir yolda addımlayıblar. Emily, Alun və Danyah öz hekayələrini BBC Radio 4-ün The Great Influencer Experiment verilişində bölüşüblər.

“Şərhlərlə məşğul olmaq çox çətindir”

Dulusçu olmamışdan əvvəl Emily səhnədə çıxış etməyi arzulayırdı. Lakin 26 yaşında keçirdiyi insult onun həyatını tamamilə dəyişdi və koqnitiv bacarıqları əvvəlki kimi olmadı. Dulusçuluq ona yeni bir məqsəd verdi, özünü yaradıcı şəkildə ifadə etmək isə bir növ terapiya oldu. Emily nadir hallarda sosial mediadan istifadə edirdi. Amma “mənimlə oxşar vəziyyətdə olan insanlara çatmaq, ruhlandırmaq və dəstək olmaq” üçün TikTok hesabı açdı.

Emily, 35

İş: Dulusçu

Platforma: TikTok

Ən çox baxış: 2,028

Hələ də paylaşır: Xeyr

Onun ilk videosu cəmi iki baxış topladı. Növbəti paylaşımlar – dulusçuluq və pişiyi ilə bağlı videolar – də yaxşı nəticə vermədi. Bir müddət susqunluq və şübhədən sonra Emily “dulusçuluq həyatımı necə xilas etdi” adlı videosunu paylaşdı. Bu video minlərlə insana çatdı və digər insultdan sağ çıxanlardan dəstək mesajları aldı. O, gördüyü təsirə görə qürur duyur: “O şərh mindən çox bəyənmə demək idi, çünki mən əslində kiminləsə rezonans yaratdım. Bu, daha dəyərlidir.” Lakin uğur həm də gözlənilməz yük gətirdi – Emily şərhlərlə məşğul olmaqda çətinlik çəkdi. Onun üçün hər dəfə kamera qarşısında danışmaq sanki səhnədə tamaşa göstərmək kimi hiss olunurdu. İnsultdan sağalma kimi həssas mövzulara toxunmaq, səhv başa düşülmə qorxusunu artırırdı. 

“Baxışların arxasınca düşmək öz dəyərinə təsir edir”

Tarix üzrə baş müəllim olan Alun erkən müasir tibb sahəsində ixtisaslaşıb, hətta saqqalların mədəni tarixi ilə bağlı araşdırmalar aparıb. O, sosial mediada tarix mövzusunun az təmsil olunduğunu gördüyü üçün eksperimentə qoşulmağa razılaşıb.

Alun, 50

İş: Tarixçi

Platforma: TikTok

Ən çox baxış: 16,400

Hələ də paylaşır: Bəli

İlk videosu – “tarixi niyə sevirəm” mövzusunda olan paylaşım – bir neçə yüz baxış topladı. Bu, onu mütəmadi paylaşım etməyə sövq etdi. Onun videoları orta nəticə göstərsə də, uzun müddət heç biri 1000-dən yuxarı baxış almadı. Bu isə Alunu narahat etdi: “Bu, dəyər hissinə təsir etməyə başlayır. Baxış gəlməyəndə düşünürsən ki, səhv edirsən və insanlar səninlə maraqlanmır.”Nəhayət, bir videosu 10 mindən çox baxış aldı. Amma Alun düşündüyü sevinci hiss etmədi: “Daha çox baxış üçün bəzi məlumatları sadələşdirdim. Akademik dürüstlüyü itirdim və özümü bir az çirkli hiss edirəm.” İki ay ərzində o, hər gün paylaşım etməyə başladı. Lakin alopesiya səbəbindən saç və qaşlarının olmaması ilə bağlı qəddar şərhlərlə üzləşdi. Bu, ona psixoloji təsir göstərdi.

Nəticədə, trollarla açıq qarşılaşaraq vəziyyətini izah edən video paylaşdı. Onun universiteti də videolarını təbliğat materialı kimi istifadə etməyə başladı. “Ümumilikdə 350.000 baxışım olub. Müqayisə üçün, akademik məqalələrim ildə bir neçə yüz dəfə oxunur.” Alun hesab edir ki, bu karyerasını əvəz etməsə də, sosial mediada mövcudluq ona güc verir və o, paylaşmağa davam edəcək.

“Sosial media bir növ asılılıq kimidir”

Teatr ifaçısı və prodüser olan Danyah üçün problem tamamilə fərqli idi. O, həmişə canlı tamaşaçı qarşısında çıxış etməyə öyrəşmişdi.

Danyah, 61

İş: İfaçı

Platforma: YouTube

Ən çox baxış: 5,100

Hələ də paylaşır: Bəli

İlk videosu səkkiz dəqiqəlik idi. O, meditasiya bələdçilərindən tutmuş Londonda şeir oxumağa qədər müxtəlif mövzularda məzmun paylaşırdı, lakin baxış sayı çox zəif idi. Buna baxmayaraq, o, prosesi əyləncəli hesab edirdi: “Bu, çox maraqlıdır və mən həmişə növbəti paylaşımı düşünürəm.” Bir ay ərzində 50 video yerləşdirən Danyah, yorğunluq hiss etdiyini gizlətmirdi: “Bu, bütün vaxtımı alır. Sanki narkotik və ya asılılıq kimidir. Hər gün məzmun barədə düşünürəm.” Üçüncü ayda baxışlar artmağa başladı və çoxlu müsbət şərhlər aldı. Onun sosial mediada mövcudluğu həm də teatr şoularına və seminarlarına daha çox tamaşaçı cəlb etdi.

Bu üç hekayə göstərir ki, sosial mediada uğur qazanmaq nə qədər cazibədar görünsə də, həm psixoloji, həm də vaxt baxımından böyük bir sınaqdır. İnfluencerlik təkcə izləyici toplamaq deyil, həm də öz hekayəni bölüşmək və insanlara təsir etmək bacarığıdır.

Mənbə: BBC
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et