ABŞ BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etməzdən əvvəl İrana 3 aylıq möhlət verməyə hazır idi, lakin bunun müqabilində bütün zənginləşdirilən uranın təhvil verilməsini tələb edib. Bu barədə İran Prezidenti Məsud Pezeşkian açıqlama verib.“Amerikalıların tələbi qəbuledilməzdir. Onlar istəyirlər ki, biz onlara bütün zənginləşdirilən uranımızı verək, qarşılığında isə sadəcə 3 ay vaxt versinlər. Bu, tamamilə qəbuledilməzdir”,– Pezeşkian dövlət televiziyasına bildirib.
Onun sözlərinə görə, Vaşinqton bir neçə aydan sonra yenidən “snapback mexanizmini” işə salaraq (yəni BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa edərək) yeni tələblərlə çıxış edə bilər. İran Prezidenti əlavə edib ki, əgər seçim “snapback” ilə qəbuledilməz şərtlər arasında olarsa, İran birincini üstün tutacaq.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası Rusiya və Çindən təqdim edilən, İranla bağlı 2231 saylı qətnamənin 6 ay müddətinə uzadılmasını nəzərdə tutan layihəni rədd edib. Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvard bildirib ki, İrana qarşı BMT sanksiyaları həftənin sonuna qədər bərpa olunacaq.
Mənbə: TASS
Tərcümə etdi: Nuray Əliyeva