Cümə axşamı axşamı Kişineunun mərkəzində Avropa İttifaqının bayraqlarını dalğalandıran izdiham açıq mesaj verdi: Onlar hesab edirlər ki, Rusiya Moldovanın seçkilərini oğurlamağa və ölkədə Kremlin tərəfdarı siyasətçiləri hakimiyyətə gətirməyə çalışır.
“Onların silahı puldur, sənin silahın isə səsindir!” – bu şüar yüzlərlə insanın qatıldığı yürüşdə ən gurultulu şəkildə səsləndi. Etirazçılar hakim partiya PAS-ın və onun Avropa yönümlü siyasətlərinin dəstəkçiləri idilər. Bu, bazar günü keçiriləcək seçkilərdən öncəki son mitinq idi.
Həftə ərzində Moldova polisi və prokurorluğu görünməmiş miqyasda seçkilərə müdaxilə faktlarını açıqladı. İddialara görə, Rusiyaya birbaşa bağlı olan səs alveri və dezinformasiya kampaniyaları həyata keçirilib. Hüquq-mühafizə orqanları həmçinin zorakı iğtişaşlar yaratmaq planının qarşısını aldıqlarını bildirir. Onların açıqlamasına görə, Serbiyaya gedərək atəşli silahlarla təlim keçən onlarla şəxs saxlanılıb.
Müxalifət partiyaları isə bu iddiaları “siyasi şou” adlandırır və hökuməti ittiham edir ki, PAS parlament çoxluğunu itirdiyi halda seçkiləri ləğv etmək üçün zəmin hazırlayır.
Bununla belə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Moldova Avropa İttifaqına üzvlük yolunda qəti addımlar atıb və Moskvanın təsirindən uzaqlaşmağa başlayıb. Hazırkı sübutlar isə göstərir ki, Rusiya öz təsirini bərpa etmək üçün böyük maliyyə vəsaitləri sərf edir.
Moskva, görünür ki, Moldovada yenidən nəzarəti ələ keçirməyə çalışır.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Cabbarlı