Aparılan tədqiqatlara görə, qadınlar kişilərlə müqayisədə gecələr orta hesabla 11–13 dəqiqə daha çox yatır.
Qadınlarla kişilərin yuxu tələbatı arasında bioloji baxımdan mühüm fərqlər mövcuddur. Yuxu ilə bağlı araşdırmalar xüsusilə Loughborough Universitetindən prof. Dr. Jim Horne və Harvard Universitetindən prof. Dr. Orfeu Buxton kimi yuxu mütəxəssislərinin işləri ilə dəstəklənir.
Qadın orqanizmində mövcud olan estrogen və progesteron hormonları yuxu rejiminə birbaşa təsir göstərir. Bu hormonlar qadınların yuxu arxitekturasında dərin yuxu mərhələsinə (NREM mərhələsi) daha çox vaxt ayırmasına səbəb olur. Dərin yuxu mərhələsi beynin istirahəti və bərpası üçün böyük əhəmiyyət daşıyır. Buna görə də qadınların kişilərə nisbətən həm daha çox, həm də daha keyfiyyətli və dərin yuxuya ehtiyacı olur.
Tədqiqatlara əsasən, qadınlar kişilərə nisbətən gecələr orta hesabla 11–13 dəqiqə artıq yatırlar. Lakin bu, qadınların daha yaxşı yatdığı demək deyil. Qadınların yuxu tələbatı yüksək olsa da, yuxunun keyfiyyətində yaranan müəyyən çətinliklər bəzən kifayət qədər dincəlməmə hissinə səbəb ola bilər. Bu hal hormon səviyyəsindəki dəyişikliklər, stress və sosial amillərlə bağlıdır.
Həmçinin qadınların yuxu pozuntularına daha həssas olduqları, yuxu apnesi kimi problemlərin qadınlarda fərqli əlamətlərlə özünü göstərdiyi də məlumdur. Qadınlarda kişilərlə müqayisədə depressiya və təşviş (anksiyete) kimi psixoloji halların daha çox müşahidə edildiyi qeyd olunur.
Mənbə: Baptist Health
Tərcümə etdi: Mina Yadigarlı