Bu gün:

XVII Beynəlxalq musiqi festivalı davam edir


Azərbaycan professional musiqisinin banisi, görkəmli bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə keçirilən XVII Beynəlxalq Musiqi Festivalı davam edir.


 Festival çərçivəsində müxtəlif konsertlər, təqdimatlar və tədbirlər təşkil olunur. Bu tədbirlər dahi bəstəkarın zəngin irsinin təbliği, eyni zamanda Azərbaycan və dünya musiqiçilərinin bir araya gəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

25 sentyabr 2025-ci il tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində festival çərçivəsində növbəti konsert proqramı baş tutub.

Konsertdə Ceyhun Allahverdiyevin “Simli orkestr üçün 3 saylı simfoniya”sı və Gülbəniz Abdullayevanın kamera orkestri üçün “Postludium II” əsəri Cadenza orkestrinin ifasında səslənib. Hər iki əsərə Samir Əsədov dirijorluq edib. Qeyd edək ki, Cadenza orkestrinin bədii rəhbəri Türkər Qasımzadədir. 


Konsert proqramına daxil olan daha bir maraqlı əsər isə Fatimə Məmmədzadənin fortepiano üçün “Nöqtələr və səslər” əsəridir. Əsər Beynəlxalq müsabiqələr laureatı Gülsarə Bağırovanın ifasında səslənib. 

Möhtəşəm konsert gurultulu alqışlarla başa çatıb.

Xatırladaq ki, bu festival artıq ənənəvi olaraq hər il sentyabr ayında Heydər Əliyev fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir, dahi bəstəkarın xatirəsini yad etməklə yanaşı, Azərbaycan musiqiçilərinin əsərlərini təqdim etmək və beynəlxalq musiqi mübadiləsini gücləndirmək üçün mühüm platforma kimi çıxış edir.


 


 

 Hazırladı: Ayshannajakh

Paylaş
Şərh əlavə et