Bəzən beynimizdə iradəmizdən kənar düşüncələr yaranır. Bu, tamamilə normaldır. Ancaq xüsusilə neqativ düşüncələr (elmi dildə “istənməyən düşüncələr” adlanır) əhvalımızı poza bilər. Ağlımıza gələn fikir qar topu kimi böyüyür və biz onu rədd etdikcə daha da güclənir. Bəs nə etməliyik?
1) Fərqindəlik və Qəbul
Düşüncələrlə mübarizə aparmaq onları gücləndirir. Ən yaxşı yol – həmin düşüncələrin varlığını qəbul etməkdir. Məsələn, beynində səs deyir: “Sən bu imtahandan kəsiləcəksən”. Bu an özünə de: “Bu sadəcə bir fikirdir, gerçəyi əks etdirmir. Beynim öyrəşdiyi üçün belə düşünür”. Beləliklə, savaşmadan müşahidə edirsən. Bu vərdişi gücləndirmək üçün qısa meditasiya və sakit anlar faydalıdır.
2) Düşüncə dəftəri
Çox sadə, amma təsirli üsuldur. Ağlına “heç kim məni sevmir” fikri gəlirsə, dərhal dəftərə yaz. Yazdıqca bu düşüncənin məntiqsiz olduğunu anlayacaqsan. Hətta əvvəlki qeydlərinə baxanda gülməli görünəcək. Hər gün müəyyən vaxt ayırıb neqativ fikirlərini yazmaq faydalıdır.
3) İdrak-Davranış Yanaşması
Psixologiyada ən səmərəli metodlardan biridir. Məsələn, beynində “Səhv etsəm, hər şeyim puç olar” düşüncəsi dolaşırsa, özünə sual ver:
• Bu düşüncə məntiqlidirmi?
• Gerçək faktlara əsaslanırmı?
• Mən bunu sübut kimi təqdim etsəm, qəbul olunar?
Beynin məntiqi tərəfi işə düşəcək və sənə deyəcək: “Hər kəs səhv edir, öyrənməyin ən yaxşı yolu da budur”.
4) Fiziki Fəallıq və Sağlam Həyat Tərzi
Hərəkətsizlik neqativ düşüncələri artırır. Gündə 30 dəqiqə gəzinti, idman və sağlam qidalanma beynin xoşbəxtlik hormonlarını artıraraq əhvalı yaxşılaşdırır. Şəkərli, ağır qidalardan uzaq durmaq da faydalıdır.
5) Sosial Dəstək
İnsan təkbaşına hər şeyin öhdəsindən gələ bilmir. Etibar etdiyin dostlarla söhbət, bir fincan çay və ya kofe müzakirəsi belə kömək edir. Ən yaxşısı isə – peşəkar psixoloq və ya terapevt dəstəyi almaqdır. Onlar düşüncələrin kökünə enib problemin əsasını aradan qaldıra bilərlər.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
