Bu gün:

Niyə körpəliyimizi xatırlaya bilmirik?


Alimlər hələ də niyə körpəliyimizi xatırlamadığımızı izah etməyə çalışırlar. Bu hal “uşaqlıq amneziyası” adlanır. Uzun illər hesab olunurdu ki, körpələr xatirə yarada bilmir, çünki onların danışmaq qabiliyyəti və yaddaşa cavabdeh beyin hissəsi – hipokampus – tam inkişaf etməmiş olur.

Yale Universitetindən professor Nik Turk-Browne-un apardığı yeni araşdırma bu fikri şübhə altına alır. O, 4–24 aylıq körpələrin beynini skan edərək göstərib ki, körpələr şəkilləri tanıya bilir və hipokampus aktiv olduqda həmin xatirəni sonradan xatırlamaq ehtimalı artır. Bu isə körpələrin yaddaş formalaşdırdığını göstərir.

2023-cü ildə siçovullar üzərində aparılan təcrübə göstərib ki, erkən öyrəndikləri məlumatı böyüklükdə unutsalar da, beyin müəyyən şəkildə aktivləşdirildikdə həmin yaddaşı “geri qaytarmaq” mümkündür. Bu, insanların da körpəlik xatirələrini saxlayıb sadəcə onlara çata bilməməsi ehtimalını gündəmə gətirir.

Vestminster Universitetinin professoru Ketrin Lavdey isə bildirir ki, uşaqlar danışmağa başladıqdan sonra hadisələri yadda saxlaya bilirlər, lakin bu xatirələr uzunömürlü olmur. Onun sözlərinə görə, çox vaxt “ilk xatirələrimiz”, əslində, ailədən eşitdiklərimiz əsasında beynin yaratdığı təsəvvürlərdir.

Mütəxəssislər deyirlər ki, uşaqlıq amneziyası yalnız yaddaşla bağlı deyil, həm də kimliyimizin formalaşması ilə əlaqəlidir. İlk illərimizi xatırlaya bilməməyimiz, əslində, bizim kim olduğumuzu dərk etmə prosesini daha da maraqlı və mürəkkəb edir.

Mənbə: BBC News

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et