Bu gün:

1900 illik sikkələr Roma dövrünə aid varlı bir ailənin yanmış evində tapılıb


Rumıniya Milli Tarix Muzeyinin apardığı araşdırma zamanı arxeoloqlar Histriya şəhərindəki bir evin qalıqları arasında yanğında ərimiş və bir-birinə yapışmış metal kolleksiya aşkar ediblər. Muzeyin məlumatına görə, təxminən 1900 il əvvələ aid edilən bu kolleksiya, yəqin ki, nüfuzlu bir ailəyə məxsus olub.

Qazıntılar zamanı evin qalıqları içərisində 40-dan çox sikkə və qiymətli metallardan hazırlanmış müxtəlif bəzək əşyaları tapılıb. Qara dənizin qərb sahilində yerləşən Histriya şəhəri qədim dövrlərdə yunan koloniyası kimi qurulub, eramızın I əsrində isə Roma İmperiyasına birləşdirilib. 

Eyni təbəqədən, həmçinin keramika qablar, yazılar və bürünc, dəmir, şüşə və daşdan hazırlanmış əşyalar da aşkarlanıb. Muzeyin açıqlamasında qeyd olunub ki, evin döşəmələri əhəngdaşından hazırlanıb, divarları isə rəngli suvaqlarla örtülüb və bu da həmin məkanın varlı bir ailəyə məxsus olduğunu göstərir.

Tapıntılar, Augustus dövründə başlayıb eramızın 284-cü ilinə qədər davam edən Principatus dövrünə, yəni Roma imperiyasının imperatorluq sisteminə keçid mərhələsinə aid edilir. Bu bina və onun içindən çıxan əşyalar isə ‘şəhərin Principatus dövründəki həyatına dair mühüm şahidliklər’ kimi qiymətləndirilir.

Tapıntılar hazırda Rumıniya Milli Tarix Muzeyinin kolleksiyasına daxil edilib. Burada onlar ətraflı tədqiqat, bərpa və qoruma proseslərindən keçdikdən sonra sərgilənməsi planlaşdırılır. Lakin nə vaxt ictimaiyyətə təqdim olunacağı hələ açıqlanmayıb.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et