Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin yerli şöbəsinin məlumatına görə, Kamçatkada 5,5 maqnitudalı zəlzələ baş verib.
Seysmoloqların açıqlamasına görə, zəlzələnin episentri 31,9 km dərinlikdə, Petropavlovsk-Kamçatsk şəhərindən 181 km məsafədə yerləşib. Hadisə sakinlərdən hiss olunub-olunmaması barədə məlumat yoxdur.
Bundan əvvəl, sentyabrın 19-u səhər saatlarında bölgənin Fövqəladə Hallar Nazirliyi Kamçatka sahillərində 7,8 bal gücündə güclü zəlzələ baş verdiyini açıqlayıb. Sonradan Petropavlovsk-Kamçatsk və Vilyuçinsk şəhərlərində 7 bala qədər, Yelizovski rayonunun bəzi yaşayış məntəqələrində 6 bala qədər, Ust-Kamçatsk rayonunda isə 4 bala qədər afterşoklar hiss olunub.
Bölgənin Fövqəladə Hallar naziri Sergey Lebedevin sözlərinə görə, dağıntılar qeydə alınmayıb. Yarımadanın şərq sahilləri üçün sunami təhlükəsi elan olunub və Naliçeva çayının mənsəbinə təxminən 30 sm hündürlüyündə dalğa daxil olub.
Mənbə: TASS
Tərcümə etdi: Nuray Əliyeva
