Fransa son iki ildə beş Baş nazir dəyişib və hazırda parlament büdcə qəbul etmək iqtidarında deyil. Növbədənkənar seçkilərdən sonra yaranan üçqütblü parlamentdə heç bir tərəf sabit çoxluq formalaşdıra bilməyib.Həmkarlar ittifaqlarının elan etdiyi ümumi tətil məktəbləri, aptekləri və Paris metrosunu iflic edib. Beynəlxalq mətbuat isə Emmanuel Makronun nüfuzunun sarsıldığını vurğulayıb.
Ölkənin borcu 3 trilyon avronu keçib, təkcə bu il onun xidmətinə 67 milyard avro xərclənib. Reytinq agentlikləri borcun artmasını xəbərdarlıq edərək, Fransa üçün BVF və ya Avropa Mərkəzi Bankının müdaxiləsini istisna etməyiblər.
Makronun yeni Baş naziri Sebastyan Lekornu oktyabradək büdcə təqdim etməlidir, lakin sağ və sol qüvvələrin zidd mövqeləri kompromisi çətinləşdirir. Analitiklər bildirirlər ki, ən yaxşı halda hökumət qısa müddətli “fransızca çıxış yolu” tapacaq, ən pis halda isə yeni seçkilər ifrat sağın yüksəlişinə səbəb olacaq.
Müşahidəçilərin fikrincə, Fransa eyni anda siyasi, iqtisadi və sosial böhran yaşayır, bu isə ölkəni “Avropanın yeni xəstə adamı”na çevirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva