Bu gün:

Ay Yerdən hər il uzaqlaşır


Alimlər bildirirlər ki, Ay Yerdən hər il orta hesabla 3,8 santimetr (təxminən 1,5 düym) uzaqlaşır.

Mütəxəssislərin sözlərinə görə, Ayın cazibə qüvvəsi Yer okeanlarında qabarıqlıq yaradır. Yerin fırlanması nəticəsində bu qabarıqlıq Aydan bir qədər qabaqda yerləşir və Ayı öz orbitində irəli çəkir. Nəticədə Ay tədricən Yerdən uzaqlaşır. Bu uzaqlaşma dəqiq ölçmələrlə sübut olunub.


Ayın orbiti mükəmməl dairə olmadığından, onun məsafəsi ay ərzində təxminən 20 min kilometr dəyişir. Bu səbəbdən bəzi tam aylar digər aylarla müqayisədə daha böyük görünür. Bu təbiət hadisəsi “super ay” adlanır.


Alimlər qeyd edirlər ki, Ay uzaqlaşdıqca Yerin fırlanması da çox az dərəcədə yavaşlayır. Bu, milyonlarla il ərzində günlərin uzunluğunu artıracaq. Lakin bu dəyişikliklər o qədər kiçikdir ki, indiki dövrdə gündəlik həyata heç bir təsir göstərmir.


Tədqiqatlara görə, Ay təxminən 4,5 milyard il əvvəl Mars böyüklüyündəki bir cismin Yerə toqquşması nəticəsində yaranıb və əvvəllər Yerə daha yaxın olub. Gələcəkdə isə Ayın uzaqlaşması müəyyən həddə dayanacaq. Lakin bu proses milyardlarla il sonra baş verəcək və o vaxta qədər Günəşin qırmızı nəhəngə çevrilməsi səbəbindən həm Yer, həm də Ayın məhv olma ehtimalı daha realdır.


Alimlərin fikrincə, bu dəyişikliklər insanlıq üçün dərhal təhlükə yaratmır. Əksinə, dalğalar, günəş tutulmaları və Ayın bənzərsiz görünüşü hələ uzun müddət insanlar üçün təbiətin ecazkar mənzərələrindən biri olaraq qalacaq.


Mənbə: Evrensel

Tərcümə: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et