Bu gün:

"Təcili olaraq ixtisaslaşmış şöbələr yaradılmalıdır"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Memar, Elmlər Doktoru, professor Elçin Əliyevdir. O, Azərbaycanda memarlıq təhsilini qiymətləndirib.

Azərbaycanda memarlıq təhsilinin vəziyyətini necə qiymətləndirirsiniz?

Memarlıq ixtisası üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi bu gün də xüsusi əhəmiyyət kəsb edir. Müasir həyatın dinamikası, tikinti həlləri və texnologiyalarının sürətlə inkişafı, təhsilin istehsaldan təcrid edilməsi - bütün bunlar ona gətirib çıxardıb ki, məzun mütəxəssisin bilik səviyyəsi müasir tələblərə cavab vermir. Layihələndirmə və ya istehsal prosesinə yeni qoşulan məzun öz peşəsini yenidən kəşf etməyə cəhd edir. Bir zamanlar memarlıq təhsili ona əsaslanırdı ki, möhtərəm, orijinal istedad, müasirlik hissi olan təcrübəli memarlar, bu sahədə olan geniş biliklərini tələbələrlə bölüşürdülər. Yəni, bu müəllimlər nəyi öyrədəcəklərini dəqiq bilirdilər. Bir çox siyasi və iqtisadi proseslər nəticəsində müasir memarlıq simasızlıq, mənəviyyat çatışmazlığı, keçmişlə əlaqəsi olmayan bir təzahürə çevrilib. Düşünürəm ki, müasir memarlıq təhsili memarlıq fəaliyyətinin xarakteri və spesifik xüsusiyyətlərinə, yaradıcılığa diqqət yetirmədən inkişaf edir. Memarlıq həyatın məkan təşkili problemlərini həll edir və bu iş xüsusi həssaslıq və düşünmək bacarığı tələb edir. Memarlıq eyni dərəcədə intellektual, fəlsəfi və bədii fəaliyyətdir. Təcili olaraq elmi tədqiqat və layihə mərkəzləri kimi ixtisaslaşmış şöbələr yaradılmalıdır. Təcrübi fəaliyyətlə məşğul olan mütəxəssislər bura cəlb edilməlidir. Təhsil davamlı olmalı və yalnız ali təhsillə məhdudlaşmamalıdır. Memarlıq universitetlərində kiçik müəssisələr və emalatxanalar yaradılmalıdır ki, tələbələr işə uyğunlaşa və praktiki bacarıqlar əldə edə bilsinlər.

Aydan Qasımova

Paylaş
Şərh əlavə et