Bu gün:

Turp kimiyəm ifadəsinin yaranmasına səbəb nədir?


Turp kimiyəm dedikdə, hamı sizin güclü, sağlam və gümrah olduğunuzu başa düşür, amma dünyada bu qədər meyvə və tərəvəz varkən, niyə məhz bu tərəvəzə istinad olunur və bəzi hallarımız ona bənzədilir?

Turp kələmkimilər fəsiləsinə aid çiçəkli bir bitkidir. Böyük kökləri əsasən tərəvəz kimi istifadə olunur, hətta bitkinin bütün hissəsi yeyilə biləndir. Asanlıqla hər yerdə yetişən turpun mənşəyinə nəzər saldıqda isə onun erkən tarixi barədə demək olar ki, heç bir arxeoloji məlumat yoxdur.  

“Turp” sözü dilimizə farscadan keçib və kökü yeyilən məlum bitki mənasını daşıyır. Mərkəzi Asiyadan yayılan bu tərəvəz qısa müddət sonra Aralıq dənizi bölgəsinə də çatıb. Hətta piramidaların inşasından əvvəl qədim Misir yazılarında adına rast gəlinib. Qədim yunanların bu tərəvəzə verdiyi dəyəri isə Apollon tanrısına kiçik qızıl turplar təqdim etmələrindən anlayırıq.

Ən önəmlisi isə, ənənəvi təbabət mədəniyyətində turpa verilən dəyərdir. Yəhudi əsilli Əsaf xüsusilə turp yarpaqlarının bəlğəmgətirici təsirini qeyd edib. Orta əsrlərdə İbn Vəhşiyyə onu zəhərlərin əleyhinə hazırlanan dərman qarışıqlarının tərkibinə daxil edib, Maimonid isə müalicəvi istifadəsini vurğulayıb. Həmçinin turp sarılıq, öd daşı, qaraciyər xəstəlikləri, düz bağırsaq sallanması, həzm pozğunluğu və mədə ağrıları üçün populyar vasitə hesab olunub.


Mənbə: Medium

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et