Həyatımızın gərgin dövrlərində tez-tez diqqətimizi toplamaqda çətinlik çəkə, cümlənin ortasında fikrimizi itirə və ya otağa niyə getdiyimizi unuda bilərik. Bu vəziyyət “beyin dumanı” adlanır. Tibbi xəstəlik hesab olunmasa da, konsentrasiyada zəiflik, unutqanlıq və zehni yavaşlıqla özünü göstərir.

Mütəxəssislərə görə, beyin dumanının səbəbləri arasında stress, yorğunluq, çox yüklənmiş iş qrafiki və hətta menopoz dövrü də ola bilər. Ən əsası bu hal şəxsi uğursuzluq deyil, sadəcə beynin istirahətə ehtiyacının göstəricisidir.
Beyin dumanının qarşısını almaq üçün gündəlik rutinlər yaratmaq, fəaliyyətlər arasında qısa fasilələr vermək, texnologiyadan dəstək almaq, yeddi-doqquz saatlıq keyfiyyətli yuxu təmin etmək, gün ərzində kifayət qədər su içmək, hərəkətdə olmaq, sağlam və kolinlə zəngin qidalarla qidalanmaq, həmçinin stressi azaltmaq üçün nəfəs məşqləri və meditasiya kimi üsullardan istifadə tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, beyin dumanı adətən müvəqqətidir. Ancaq vəziyyət narahatlıq yaradırsa, həkimlə məsləhətləşmək faydalıdır.
Mənbə: BBC News
Tərcümə etdi: Asiya Zeynallı
