Bu gün:

Sephora mağazalarında “xaotik uşaq alıcılar” fenomeni böyüyür


Sephorada satış təmsilçisi olan 25 yaşlı Cessika təxminən 10 yaşlı bir qızın qaçaraq həmkarlarından birinə yaxınlaşıb ağlayaraq dərisinin serum istifadəsinə görə zərər gördüyünü, qızarıb yandığını dilə gətirdiyinə şahid olub. Onun sözlərinə görə az yaşlı qız hər cür turşulu serumu əvvəlcə əlinə, sonra isə üzünə sürtüb. Kosmetoloqlardan biri onun dərisinə ilkin baxışı keçirən zaman isə qızın valideynləri ortada görünməyib.

Keçmiş Sephora işçisi KM-nin də iş həyatında belə təcrübələri mövcuddur. O bildirir ki, bir dəfə bir qadın oğurluq üstündə tutulub və mühafizəçiyə deyib ki, “özü oğurluq etməyə məcbur olub, çünki övladı Dior dodaq parıltısı olmadığına görə məktəbdə ələ salınır”.

Başqa bir işçi deyib ki, bir valideyn ona təxminən 12 yaşlı qızı üçün retinol almaq və anti-ageing-ə (yaşlanmaq əleyhinə krem müalicəsi) indidən başlamaq düzgündürmü sualını ünvanlayıb.

Bir ana qızının burnunu daha kiçik göstərmək üçün kontur etməyi xahiş edib. 

Bu fenomen artıq geniş tanınır və “Sephora uşaqları” adlanır – yəni azyaşlı uşaqların bahalı kosmetika mağazaları və sərt məhsullara olan həddindən artıq bağlılığı. Tədqiqat şirkəti Circana-nın məlumatına görə, keçən ilin ilk yarısında “prestij” kosmetika satışlarının üçdə biri yeniyetmə və azyaşlıların olduğu ailələrdən gəlirdi. Statistika isə bildirir ki, təkcə ABŞ-də Sephoranın satışları 9 milyard dollar, rəqibi Ulta Beauty-nin isə 11,3 milyard dollar olub.

Bu trend əsasən sosial mediada “skincare” yəni üzə qulluq kontenti ilə böyüyür və çox vaxt həmin kontentin müəllifləri də elə yeniyetmələrin özləri olur. İyun ayında Northwestern Universitetinin dərc etdiyi ilk elmi araşdırmaya görə, bu rutinlərdə uşaqların dəri sağlamlığı üçün təhlükəli sayılacaq qədər çox aktiv maddə olur və allergiya riskini artırır.

Sephora Şimali Amerikanın rəhbəri Artemis Patrick isə "biz bu auditoriyaya yönəlmirik” kimi fikirlər söyləsə də, işçilər bunun əksini müşahidə edirlər. Xüsusilə “Drunk Elephant” brendi parlaq qablaşdırması ilə uşaqların “status simvoluna” çevrilib, amma sərt tərkiblərə görə reaksiyalar yarandıqdan sonra satışları 65% azalıb.

Yay ayları isə bu xaotik vəziyyətin ən pik vaxtıdır. Uşaqlar mağazalara axın edir, məhsulları dağıdır, testerləri səbətlərə doldurur, bəzi valideynlər isə başqa şöbələrdə gəzirlər. İşçilərin dediyinə görə, uşaqlar bəzən 200 dollarlıq məhsulları soruşmadan aldırır, valideynlər isə kartı düşünmədən keçirirlər.

Bir çox hallarda işçilərin xəbərdarlıqları nəzərə alınmır. Məsələn, bir ana 9 yaşlı övladına Drunk Elephant-ın retinol və qlikol turşusu məhsullarını alıb, işçinin “bunlar uşaqlar üçün çox sərtdir” xəbərdarlığını isə cavabsız qoyaraq: “Biz bunu TikTok-da gördük” deyib.

İşçilər, həm də oğurluq hallarının artdığını bildirirlər – boş qutular tez-tez raflarda tapılır. TikTok-da “borrowing” (yəni oğurluq) trendləri uşaqları buna təşviq edir.

Ancaq yalnız maddi deyil, psixoloji təsirlər də güclüdür. Uşaqlar tez-tez “mənim dəri məsamələrim varmı?”, “anti-ageing-ə başlamağa hazıram” kimi cümlələr qururlar. İşçilər bunun sosial mediada filtrlənmiş reallıqlardan qaynaqlandığını deyirlər.

Psixoloqlar isə qeyd edirlər ki, gigiyena və öz görünüşünə maraq normaldır, amma sosial medianın təzyiqi bu prosesi təhlükəli səviyyəyə gətirib. ABŞ-də aparılan sorğulara görə, Gen Alpha uşaqlarının 58%-i ilk iPhone-u 10 yaşında alır və 95%-i 13-17 yaşlarında sosial mediadan istifadə edir. Bu isə onları kütləvi reklamların hədəfinə çevirir.

Kaliforniya qanunvericiləri uşaqlara retinol və qlikol turşusu kimi maddələrin satışını qadağan etməyə çalışsalar da, kosmetika sənayesinin lobbiçiliyi nəticəsində bu təşəbbüslər rədd edilib.

Brendlər isə açıq şəkildə bu auditoriyaya yönəlirlər: qablaşdırmaları daha rəngli edirlər, “lip oil”, “blush” kimi məhsulları kolleksiya həvəsini artırmaq üçün təqdim edirlər.

Hətta bəzi mağazalar bu trendi kommersiyalaşdırıb: Ulta Beauty bu yay uşaqlar üçün “ad günü paketi” təklif edib – 42 dollara 90 dəqiqəlik gözəllik partisi, üstəlik qonaqlara gələcək alış-veriş üçün 20% endirim kuponu.

Mütəxəssislər deyirlər ki, məsuliyyət təkcə valideynlərin üzərinə qoyulmamalıdır – sənaye də uşaqları qorumalıdır. Amma hazırda gözəllik brendləri gələcək müştərilərini qazanmaq uğrunda bu təzyiqləri daha da gücləndirirlər.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et