Dünyada ən çox istifadə olunan musiqi platformalarından biri olan Spotify pulsuz hesab sahiblərini sevindirən yenilik elan edib. İndi pulsuz istifadəçilər də istədikləri mahnını seçərək dinləyə biləcəklər. Əvvəllər bu funksiya yalnız Premium abunəçilərə aid idi. Bu addım uzun müddət tənqid olunan ən böyük məhdudiyyəti aradan qaldırır.

Pulsuz istifadəçilər əvvəllər necə istifadə ediblər?
“Spotify”ın pulsuz versiyasında istifadəçilər seçdikləri mahnını və ya albomu birbaşa dinləyə bilmirdilər. Əvəzində qarışıq oxutma rejimi işə düşür, müxtəlif treklər təsadüfi səslənirdi. Həmçinin istifadəçilər saat ərzində yalnız altı dəfə mahnı dəyişə bilirdilər. Bu məhdudiyyət xüsusi mahnı dinləmək istəyənlər üçün böyük narazılıq yaradıb.
Yeni funksiya necə işləyəcək?
Yeniləmə ilə birlikdə pulsuz istifadəçilər artıq seçdikləri mahnını dinləyə biləcəklər. Amma bu funksiya tam məhdudiyyətsiz deyil. İstifadəçi mahnını sona qədər dinlədikdən sonra Spotify yenidən qarışıq rejimə qayıdır. Şirkət bu imkanın gündə nə qədər istifadə edilə biləcəyini hələ açıqlamayıb.
Reklamlar qalacaq
“Spotify”ın pulsuz versiyası reklam dəstəyi ilə fəaliyyətini davam etdirəcək. Bu, istifadəçilərin sevimli mahnıları seçə biləcəyi, amma reklamsız təcrübə üçün yenə də Premium abunəliyə ehtiyac olduğu deməkdir.
Spotify niyə bu qərarı verib?
Şirkət bu addımı rəqiblərə qarşı mövqeyini möhkəmləndirmək üçün atıb. “YouTube”da mahnılar dərhal seçilərək oxudulur, Spotify-ın pulsuz versiyasındakı məhdudiyyətlər isə istifadəçiləri rəqib platformalara yönəldirib. Yeni imkan bu axının qarşısını almağa hesablanıb.
Musiqi paylaşımı da dəyişir
Yenilik yalnız dinləmə təcrübəsini deyil, həm də musiqinin paylaşılmasını asanlaşdırır. Əvvəllər pulsuz istifadəçilər dostlarının sosial şəbəkələrdə paylaşdığı Spotify linklərini açanda mahnını birbaşa dinləyə bilmirdilər. İndi isə bunu rahat şəkildə edə biləcəklər.
Premium üçün itkisiz səs dəstəyi
Spotify yalnız pulsuz istifadəçilər üçün deyil, Premium abunəçilər üçün də yenilik gətirib. Ödənişli istifadəçilər indi itkisiz səs keyfiyyəti ilə musiqi dinləyə biləcəklər. Bu da həm pulsuz, həm də Premium istifadəçilər üçün təcrübəni yaxşılaşdırır.
Spotify təcrübəni gücləndirir
Şirkət pulsuz istifadəçilərin illərdir yaşadığı ən böyük çətinliklərdən birini həll edərək platformanı daha cəlbedici edib. Mahnı seçmək imkanı tam məhdudiyyətsiz olmasa da, bu dəyişiklik milyonlarla insan üçün böyük üstünlük sayılır və musiqi platformaları arasında rəqabəti artırır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
