Keçmişdə baş verən bəzi hadisələr bu günün baxış bucağından tamamilə inanılmaz görünə bilər. Lakin tarixi mənbələr və sənədlər həmin hadisələrin gerçəkdən yaşandığını təsdiqləyir. Orta əsrlərdə baş verən sanitar fəlakətlərdən, kralın qapıya çırpılıb həyatını itirməsinə qədər saysız-hesabsız maraqlı və bir o qədər də qəribə hadisələr tarixdə öz yerini alıb.

1184-cü ildə 60 zadəgan lağım quyusuna düşərək həlak olub
Müqəddəs Roma İmperiyasından gəlmiş onlarla zadəgan Erfurt şəhərindəki Müqəddəs Pyotr kilsəsində toplandığı zaman zəmindəki ağırlığa tab gətirməyən döşəmə çöküb. Nəticədə onlar kilsənin altındakı lağım quyusuna düşüblər və 60-dan çox şəxs boğularaq ölüb. Tarixə “Erfurt lağım faciəsi” adı ilə düşən bu hadisə ən dəhşətli kütləvi qəzaların sırasında göstərilir.
Fateh Uilyamın dəfnində tabut partlayıb
İngiltərə kralı Fateh Uilyam 1087-ci ildə vəfat etdikdə bədəni şişdiyindən tabuta yerləşdirilə bilməyib. Dəfn mərasimi zamanı zorla tabuta yerləşdirilməyə çalışılarkən cəsəd partlayıb. Gəncliyində qüvvətli və çevik döyüşçü olan Uilyam sonralar həddindən artıq kökəlib. Onun ölümünə səbəb olan at qəzası ilə başlayan bu proses dəfn zamanı baş verən bu hadisə ilə tarixə ən qəribə mərasimlərdən biri kimi düşüb.
Şəlalədən sağ çıxıb meyvə qabığına uduzub
Bobby Liç Niqara şəlaləsindən çəlləklə tullanaraq sağ çıxan ikinci insan olub. Lakin illər sonra sadə bir büdrəmə həyatı bahasına başa gəlib. Portağal və ya banan qabığı üzərində yıxıldıqdan sonra ayağı infeksiyalaşıb və qanqren səbəbilə vəfat edib. Şəlalədən sağ çıxıb bir meyvə qabığına məğlub olması tarixin ən ironik hadisələrindən biri kimi xatırlanır.
Qadınların qatarla səyahətinin təhlükəli sayılması
XIX əsrdə qatarların saatda 50 kilometr sürətə çatması cəmiyyətdə müxtəlif qorxular doğurub. O dövrdə qadın bədəninin bu sürətə dözə bilməyəcəyi düşünülüb. Eyni inanca görə, marafon qaçışında da qadınların uşaqlıqlarını itirəcəkləri güman olunub. Bu cür yanlış düşüncələr həm qadın bədəninə, həm də texnologiyaya dair tarixin maraqlı nümunələrindən sayılır.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
