Bu gün:

Xalq artisti Hacı Murad Yagizarov vəfat edib


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatına istinadən, 24media.az bildirir ki, Azərbaycan mədəniyyəti ağır itki verib. Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci ildə, 86 yaşında Almaniyada vəfat edib.

1939-cu il iyulun 18-də Bakıda anadan olan Yagizarov gənc yaşlarından səhnə sənətinə maraq göstərib. O, 1958–1962-ci illərdə İncəsənət İnstitutunda təhsil alıb, 1962-ci ildən isə yaradıcılığını Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb. “Sən niyə yaşayırsan?”, “İvanov”, “Qurdlar və quzular”, “Arzu tramvayı” kimi tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Aktyor, həmçinin “Böyük dayaq”, “Ulduz”, “Arşın mal alan”, “Bir cənub şəhərində” kimi filmlərdə maraqlı rolları ilə tamaşaçı yaddaşında qalıb.

Hacı Murad Yagizarov sənətdəki xidmətlərinə görə “Əməkdar artist” (1974), “Xalq artisti” (1982) fəxri adlarına, Dövlət mükafatına (1986), həmçinin “Şöhrət” (2009) və “Şərəf” (2019) ordenlərinə layiq görülüb.

Mədəniyyət Nazirliyi mərhum sənətkarın vəfatından kədərləndiyini bildirərək, ailəsinə və yaxınlarına başsağlığı verib.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et