
İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə Qətərdə baş verən hücumdan sonra HƏMAS liderlərinə qarşı yeni zərbələri istisna etməyib və onların “harada olurlarsa-olsunlar” toxunulmazlıqlarının olmayacağını bildirib.
Qüdsdə ABŞ-ın dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında danışan Netanyahu deyib ki, hər bir ölkənin “sərhədlərindən kənarda özünü müdafiə etmək” haqqı var.
İsrailin ABŞ-ın yaxın müttəfiqi olan Qətərdə HƏMAS liderlərini hədəf alması beynəlxalq qınaqla yanaşı, ABŞ prezidenti Donald Trampın da tənqidinə səbəb olub. HƏMAS açıqlayıb ki, hücum nəticəsində altı nəfər ölüb, lakin liderlər sağ qalıb.
Netanyahunun açıqlamaları, Ağ Evin Trampın Qətərə “belə bir şeyin onların torpağında bir daha olmayacağına dair təminat verdiyini” bəyan etməsindən bir neçə gün sonra gəlib.
ABŞ-ın hücumda iştirak edib-etmədiyi barədə suala cavabında Netanyahu jurnalistlərə deyib: “Biz bunu özümüz etdik. Nöqtə.”
BBC-nin “bu hücum ABŞ-ın regiondakı münasibətlərinə zərər vurubmu” sualına cavabında isə Rubio deyib ki, Vaşinqton “Fars körfəzindəki müttəfiqləri ilə güclü əlaqələrini qoruyub saxlayır”.
İctimaiyyət qarşısında gərginlik olsa da, tərəflər əsasən birgə mövqe nümayiş etdiriblər. Rubio iki ölkə arasındakı texnoloji və mədəni əlaqələri tərifləyib, Netanyahu isə İsrailin “daha yaxşı müttəfiqi olmadığını” deyib.
Onların görüşü ərəb liderlərinin Qətərə dəstək məqsədilə sammit keçirdiyi vaxta təsadüf edir. Qətərin baş naziri beynəlxalq ictimaiyyəti “ikili standartlara son qoymağa” və İsraili cəzalandırmağa çağırıb.
Qətər ABŞ-ın böyük hərbi bazasına ev sahibliyi edir və Qəzzadakı müharibənin dayandırılması üçün aparılan diplomatik səylərdə əsas vasitəçi rolunu oynayır. 2012-ci ildən HƏMAS-ın siyasi bürosu da Qətərdə yerləşir. Dövlət Departamentinin bir rəsmisinin sözlərinə görə, Rubio İsraildən sonra Qətərə yollanacaq.
Bazar günü Netanyahu jurnalistlərə bildirib ki, ABŞ-İsrail münasibətləri “Qərb Divarının daşları qədər möhkəmdir”. O, Rubio və ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi ilə birlikdə Qüdsün qədim şəhərində yerləşən müqəddəs məkanı ziyarət edib. Rubio ənənəyə uyğun olaraq divara qeyd yazıb qoyub. Onlar İsrailin Qətərdəki zərbələri ilə bağlı suallara cavab verməyiblər.
Müzakirələrdə, həmçinin İsrailin Qəzza şəhərini ələ keçirmə planlarının və işğal olunmuş İordan çayının qərb sahilində məskunlaşmaların genişləndirilməsinin də gündəmə gəldiyi bildirilir.
Həftəsonu İsrail ordusu Qəzza şəhərində yaşayış binalarını dağıtmağa davam edib. Yerli medianın məlumatına görə, indi ordunun şəhərin qərb məhəllələrində quru əməliyyatına başlamağa hazırlaşdığı ehtimal olunur.
İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin sakinlərindən ərazini tərk edib zolağın mərkəzinə – cənuba yönəlmələrini tələb edib. Ordunun qiymətləndirməsinə görə, təxminən 250 min fələstinli şəhəri tərk edib, lakin yüz minlərlə insan hələ də orada qalır.
Bəziləri cənuba getməyə imkanlarının olmadığını, bəziləri isə cənubda da İsrailin hava hücumları səbəbindən təhlükəsiz olmadığını deyir. Bəziləri isə cənuba gedib çadır qurmaq imkanı olmadığından yenidən Qəzza şəhərinə qayıtdıqlarını bildiriblər.
BMT xəbərdarlıq edib ki, aclığın elan olunduğu bir ərazidə hücumların daha da gücləndirilməsi mülki əhalini “daha da dərin fəlakətə” sürükləyəcək.
Netanyahu və Rubionun görüşü gələn həftə keçiriləcək BMT Baş Assambleyası sessiyası ərəfəsinə təsadüf edir. Orada Böyük Britaniya, Fransa, Kanada, Avstraliya və Belçika da daxil olmaqla, bəzi ABŞ müttəfiqlərinin Fələstin dövlətini tanıyacağı gözlənilir.
Bu gözlənilən tanınma İsraildə İordan çayının qərb sahilinin gələcəyi ilə bağlı müzakirələri gücləndirib. Hökumətin daha sərt qanadları yalnız ilhaqın Fələstin dövlətinin qarşısını almağın yeganə yolu olduğunu deyir.
Avqustun sonunda İsrail hökuməti Qüdsün şərqində yerləşən E1 məskunlaşma layihəsinə son təsdiqini verib. Bu layihə əslində İordan çayının qərb sahilini iki yerə böləcək və şimaldakı fələstinliləri cənubdakılardan ayıracaq. Ötən cümə axşamı layihə üçün sazişi imzalayan Netanyahu deyib: “Biz sözümüzü yerinə yetirəcəyik ki, Fələstin dövləti olmayacaq. Bu torpaq bizə məxsusdur.”
Bu ayın əvvəlində İsrailin ultra-sağ maliyyə naziri Bezalel Smotriç qərb sahilinin təxminən beşdə dördünün ilhaqı planını açıqlayıb.
1967-ci il Yaxın Şərq müharibəsində işğal edilən İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail bu günə qədər təxminən 160 yaşayış məntəqəsi salıb, burada 700 min yəhudi yaşayır. Həmin torpaqlarda isə təxminən 3,3 milyon fələstinli məskundur. Bu məskunlaşmalar beynəlxalq hüquqa görə qeyri-qanunidir.
Bazar ertəsi axşamı Rubio işğal olunmuş Şərqi Qüdsdə, fələstinlilərin Silvan məhəlləsində yerləşən və məskunlaşdırma təşkilatı tərəfindən yaradılmış “David Şəhəri” arxeoloji parkını ziyarət edəcək. O, “Həcc yolu”nun açılışında iştirak edəcək. Bu tunel fələstinlilərin evlərinin altından qazılıb və qədim dövrdə ziyarətçilərin Bibliyada adı çəkilən məbədə – yəhudilərin “Məbəd dağı”, müsəlmanların isə “Əl-Haram əş-Şərif” adlandırdığı müqəddəs məkana – getdiyi küçə ilə eyniləşdirilir.
Tənqidçilər deyirlər ki, “David Şəhəri” parkı arxeologiyanı siyasiləşdirmək cəhdidir və bunun qurbanı orada yaşayan fələstinlilərdir.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
