Bu gün:

Təyyarələrdə yeni təhlükəsizlik inqilabı


Gənc mühəndislər tərəfindən hazırlanmış nəhəng hava yastığı sistemi təyyarə qəzalarında sağ qalma imkanını artırmaq məqsədi daşıyır. Süni intellektlə işləyən sensorlarla təchiz edilən bu innovativ layihə James Dyson Mükafatının finalına yüksəlib.


Təyyarə üçün hava yastığı: “Yenidən doğuş layihəsi”

“Project Rebirth” adlı konsept avtomobillərdə istifadə olunan hava yastığı texnologiyasını təyyarələr üçün uyğunlaşdırır. Sistem, burun, gövdə və quyruq hissələrinə yerləşdirilən nəhəng təhlükəsizlik yastıqlarından ibarətdir. Potensial qəza halında bu yastıqlar bir neçə saniyə ərzində açılaraq təsirin gücünü azaldır.


İlk süni intellektlə idarə olunan həll

Tərtibatçılar Eshel Wasim və Dharsan Srinivasan sistemi “süni intellektlə idarə edilən ilk sağ qalma texnologiyası” adlandırırlar. AI təyyarənin sürətini, hündürlüyünü, mühərrik vəziyyətini, istiqamətini və pilot reaksiyalarını davamlı izləyir. Qəzanın qaçınılmaz olduğu aşkar ediləndə sistem iki saniyədən az müddətdə təhlükəsizlik yastıqlarını işə salır.


Faciədən ilhamlanan ideya

12 iyun 2025-ci ildə baş verən Air India qəzası bu layihəyə əsas səbəb olub. Təyyarə havaya qalxdıqdan 32 saniyə sonra qəzaya düşüb və 260 nəfər həyatını itirib. Vasim həmin hadisəni belə izah edib: “O qəza anamı çox sarsıtdı. Mən sərnişinlərin çarəsizliyini düşündüm və niyə xilasetmə sistemi olmadığını sual etdim”.


Necə işləyir?

Davamlı monitorinq: Hündürlük, sürət, mühərrik, yanğın və pilot reaksiyaları izlənilir.

Avtomatik işə salınma: Qəzanın qaçılmazlığı müəyyən ediləndə sistem aktiv olur.

Nəhəng hava yastıqları: Çox qatlı parçadan hazırlanmış yastıqlar zərbəni udur.

Əlavə təhlükəsizlik: Mühərrik işləyirsə əks hərəkət, yoxdursa qaz itələyiciləri işə düşür.

Sərnişinlərin qorunması: Oturacaqlarda və divarlarda yerləşdirilən mayelər qəza zamanı sərtləşərək sərnişinləri qoruyur.


Layihə həm yeni təyyarələrdə, həm də mövcud modellərdə tətbiq oluna bilər. Əksər texnologiyalar qəzaların qarşısını almağa yönəlsə də, bu sistem qəzanın qarşısı alınmadıqda da sərnişinlərə yaşamaq imkanı verir.


James Dyson mükafatının finalında

Dubaydakı Birla Texnologiya və Elm İnstitutunda tələbələr tərəfindən hazırlanan layihə nüfuzlu James Dyson Mükafatının finalına seçilib. Oktyabrın 15-də açıqlanacaq qısa siyahıda yer alan “Project Rebirth” noyabrın 5-də keçiriləcək beynəlxalq mərasimdə 30.000 funt-sterlinq mükafat qazanmaq şansına sahibdir.


Finalçılar arasında 3D çap texnologiyası ilə yaradılmış süni rif, portativ şpris sterilizasiya cihazı, susuz kompost tualeti və kənd təsərrüfatı tullantılarından hazırlanan sanitar yastıqlar da var.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et