Mançesterin məşhur "Con Raylands" kitabxanası tez-tez “Harry Potter” filmlərindəki Hogwarts məktəbinə bənzədilir. Kitabxana 1900-cü ildə açılıb və bu günə qədər ən qədim dini yazmalardan, Alan Turingin qeydlərinə qədər çox dəyərli arxivlər saxlayır. Bu il kitabxananın 125 illiyi qeyd olunur.
Onun qurucusu Enrikueta Raylands haqqında isə çox az şey məlumdur. O, 1843-cü ildə Kubada doğulub. Atası İngiltərədən olan bir tacir, anası isə fransız-amerikalı idi. Uşaqlıqda ailəsi ilə Nyu-Yorka və sonra Parisə köçüb, anasının ölümündən sonra isə İngiltərədə atasının ailəsinin yanında böyüyüb. O, sonradan məşhur toxuculuq sənayeçisi və milyonçu Con Raylandsın həyat yoldaşı olub. Con Raylands İngiltərədə ilk “öz zəhməti ilə” multimilyoner olmuş insanlardan biri sayılıb. Onun sərvəti əsasən pambıq ticarətindən gəlib. Raylands qul əməyinə qarşı çıxsa da, o dövrdə əmək şərtləri hələ də çox istismarçı idi.
Con Raylands öləndən sonra Enrikueta onun böyük sərvətini miras alıb (bu günkü pulla təxminən 291 milyon funt sterlinq). O, bu sərvətin böyük bir hissəsini kitabxananın tikintisinə və zəngin kolleksiyaların alınmasına xərcləyib. Kitabxananın inşası 10 il çəkdi və 1900-cü ildə açılıb. Arxivdə 3000 illik Babil tabletləri, qədim Bibliya parçaları, erkən Çin çap nümunələri, hətta Gutenberg Bibliyası da var. Həmçinin 15-ci əsrdən qalan “Leyli və Məcnun” haqqında zəngin bəzədilmiş türk əlyazması da kolleksiyaya daxildir.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
