Bu gün:

Pişiklərin üzlərini örtməsinin səbəbləri



Pəncələri ilə üzlərini tutan və ya quyruqlarını basdıran pişiklər çox vaxt sevimli görünsələr də, mütəxəssislər bunun sadəcə şirin bir vərdiş olmadığını bildirirlər.



Onların fikrincə, pişiklərin üz bölgələri və xüsusilə, bığları çox həssasdır. Kiçik bir toxunuş belə onları narahat edə bilər. Üzlərini örtməklə bu həssas yerləri xarici təsirlərdən qoruyur və daha təhlükəsiz hiss edirlər.


Bu davranış həm də rahatlıqla bağlıdır. Necə ki insanlar yatarkən rahat vəziyyətdə yuxuya getməyi üstün tuturlar, pişiklər də üzlərini pəncələri ilə örtərək daha rahat və dərin yuxuya dalırlar.


Ən maraqlı izahlardan biri isə təmizliklə əlaqələndirilir. Pişiklər üzlərini tez-tez pəncələri ilə silir və yalayaraq təmizləyirlər. Bəzən bu proses zamanı pəncələrini üzlərində saxlayaraq təsadüfən yuxuya gedirlər. Nəticədə, ortaya həm sevimli, həm də maraqlı bir mənzərə çıxır.


Qısaca, pişiklərin üzlərini örtməsi həm instinktiv qorunma, həm rahatlıq, həm də bəzən sadəcə təsadüfi bir vərdişdir.


Mənbə: Sözcü Gazatesi


Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et