Bu gün:

Mütəxəssislər Çempionlar Liqasından danışdılar – müsahibə


24media.az-ın budəfəki müsahibləri futbol mütəxəssisləridir. Onlar bu mövsüm baş tutacaq Çempionlar Liqasında iştirak edəcək komandalar haqqında öz fikirlərini bölüşüblər.

Müsahibimiz futbol eksperti Elçin Cəfərov böyük beşlik klublarının daha üstün olduğunu qeyd edib:

Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniridir. Adətən burada “böyük beşlik” ölkələrinin təmsilçiləri daha çox uğur qazanır və qalib olurlar. Son çempion Paris Sen-Jermen də ötən mövsüm çox uğurlu çıxış etdi, baş məşqçi Luis Enrikenin tətbiq etdiyi oyun anlayışı ilə rəqiblərini üstələməyi bacardı. 

Burada əsas diqqət ediləsi məqam odur ki, PSJ klubdaxili Dünya Çempionatında İngiltərənin “Çelsi” klubuna məğlub oldu. Lakin ümumi oyun üslubuna görə PSJ-ni yenə də fərqləndirə bilərəm. Təbii ki, “Barselona” və “Real Madrid” Çempionlar Liqasının adı gələndə ilk ağla gələn favoritlərdir. Almaniyanın “Bavariya”sı, İtaliyanın “İnter” və “Yuventus” klubları da daim bu siyahıda yer alır. Eyni zamanda İngiltərədən “Mançester Siti” və “Liverpul”u da favoritlər sırasına əlavə etmək olar. 

Bununla belə, açıq şəkildə “bu dəfə hansı kollektiv mütləq çempion olacaq” demək tezdir. Çünki ən azı bir neçə tur izləmək lazımdır. Xüsusilə reqlament dəyişikliklərindən sonra yekun fikir bildirmək daha da çətinləşib. Məsələn, son çempion PSJ qrup mərhələsində yalnız son turda növbəti mərhələyə vəsiqəni təmin edə bilmişdi. Yəni kənarda qalmaq təhlükəsi də real idi. Ona görə də indidən konkret favorit göstərmək düzgün olmaz. Amma yenə də böyük beşlik klublarının daha üstün olduğunu deyə bilərik. 

O, gözlənilməz nəticələr göstərə biləcək komandalar sırasında bunları qeyd edib: Bununla yanaşı, sürpriz edə biləcək komandalar da var. Məsələn, “Qalatasaray” və Norveçin “Bodo Qlimt” klubunu xüsusilə fərqləndirmək olar. “Bodo Qlimt” son illərdə üzərinə qoyaraq inkişaf edir və sistem komandası rolunu oynayır oyun sərgiləyən kollektivdir. Əlbəttə, “Qarabağ”ımızı da unutmayaq. Onlar da bacardıqlarını meydanda göstərməyə çalışacaqlar. 

Nəticədə, Çempionlar Liqasının maraqlı keçməsi, sürprizlərin qeydə alınması hər birimizin arzusudur. Ancaq hansı komandanın necə çıxış edəcəyini və kimin önə çıxacağını yalnız qarşıdakı oyunlar göstərəcək. 

Şəxsi rəyimə gəldikdə isə bu gün daha çox “Liverpul”un oyununu bəyənirəm. Onlar son transferləri ilə çox fərqli oyun üslubu ortaya qoyurlar. “Barselona” da oyun planı və sistemi ilə seçilən klublardan biridir. 


Növbəti müsahibimiz futbol mütəxəssisi Ceyhun Sultanov favorit komandalar haqqında fikirlərini bölüşüb, o bildirib ki, 90 dəqiqə ərzində istənilən nəticə mümkündür:

Çempionlar Liqasında qalib gəlmək şansı olan komandalar həmişə favoritlərdən ibarət olur. PSJ, Real Madrid və Barselona bu sıradadır. Bu komandalardan gözləntilər də daim yüksəkdir. Çempionatın necə başlayacağı isə çox şeyi müəyyən edəcək. Məncə, favoritlər yenə də dediyim həmin komandalar olacaq.

Favoritlərin gözləntiləri doğruldub-doğrultmaması isə çətindir. Çünki futbol elə bir oyundur ki, hər 90 dəqiqədə istənilən nəticə mümkündür. Amma yenə də düşünmürəm ki, favoritlər ciddi şəkildə axsaya. Rəsmi oyunlarda hər bir komandanın özünəməxsus taktikası var: məsələn, Real Madrid-in oyun üslubu başqa, Barselonanın isə başqadır.

Ümumi götürəndə, mənim Pep Qvardiola, yəni  "Mançester Siti"inin komandasının oyun üslubu daha xoşuma gəlir. İnşallah, favoritlər arasında hansı komandanın çempion olacağı mövsümün sonunda bilinəcək.

İdman jurnalisti Fuad Eldarov Çempionlar Liqasında iştirak edəcək komandaları təhlil etməklə yanaşı, “Qarabağ”ın, həm də  “Kayrat”ın  liqa mərhələsində uğur qazana biləcəyini də vurğulayıb:

UEFA Çempionlar Liqasının 2025/26 mövsümü əvvəlkilərə nisbətən daha maraqlı olacaq. Artıq yeni reqlamentin ikinci mövsümü başlayır. İki il əvvəl tətbiq olunan ənənəvi qrup mərhələsi sistemi ləğv olundu və ötən mövsümdən yeni “liqa sistemi” qüvvəyə mindi. Bu dəyişiklik bir sıra komandaların işini çətinləşdirdi, çünki yeni sistemə uyğunlaşmaq vaxt tələb edirdi. Lakin artıq klublar təcrübədən faydalanaraq yeni strategiyalar qurublar.

Ötən mövsümün qalibi “PSJ” idi. Qeyd etmək lazımdır ki, onların çempionluq şansı əvvəlcədən yüksək qiymətləndirilmirdi, amma Fransa təmsilçisi çox iddialı çıxış etdi və finalda “İnter”i böyük hesabla (5:0) məğlub edərək tarix yazdı. Bu mövsüm də PSJ-dən gözləntilər böyükdür.

Favoritlər sırasında, təbii ki, “Real Madrid”, “Barselona”, “Mançester Siti”, “Bavariya” və ötən mövsümün finalçısı “İnter”i qeyd edə bilərəm. Lakin dəqiq proqnoz vermək hələ tezdir, çünki liqa mərhələsi yeni başlayır və komandaların real gücünü yalnız ilk oyunlardan sonra görmək mümkün olacaq.

Keçən mövsüm “PSJ” buna bariz nümunə oldu. Qrup mərhələsini (yeni sistemdə liqa mərhələsini) lider bitirməmişdi, amma sonda kubokun sahibi oldu. Halbuki birinci sırada yer alan “Liverpul” yarımfinala belə yüksələ bilmədi.

Yeni reqlament sürprizlər üçün əlverişli şərait yaradır. İlk səkkizlikdə olan komandalar birbaşa 1/8 finala yüksəlirlər, 9–24-cü yeri tutanlar isə əlavə mərhələ oynayaraq bu raunda gəlirlər. Buna görə də gözlənilməz nəticə ehtimalı çox yüksəkdir. Amma indiki məqamda konkret hansı komandanın sürpriz edə biləcəyini söyləmək çətindir.

Bu mövsüm Azərbaycanı təmsil edən “Qarabağ” qruplara (liqa mərhələsinə) yüksəlməklə tarixi nailiyyət qazandı. Bundan başqa, Kiprin “Pafos”u və Qazaxıstanın “Kayrat”ı da əsas mərhələyə adladı. Halbuki bu komandalar üçüncü təsnifat raundunda turniri tərk edəcəkləri gözlənilirdi.

Mən inanıram ki, həm “Qarabağ”, həm də “Kayrat” liqa mərhələsində az da olsa, uğur qazana bilərlər. Əlbəttə, bu komandaların final və ya yarımfinala qədər getməsi real deyil, amma xal toplamaq, bəzi qələbələr əldə etmək, gözəl oyun sərgiləmək onlar üçün böyük uğur sayılacaq. “Pafos” isə bu iki komanda ilə müqayisədə daha zəif görünür.

Fuad bəy şəxsi zövqünə görə bir neçə komandanı seçərək bildirib ki; 

“Barselona” – gənclərdən qurulmuş kollektiv, sürətli hücum futbolu ilə diqqət çəkir.

“Bavariya” – bu mövsüm taktiki cəhətdən maraqlı sistemlə çıxış edir, oyunlarını səbirsizliklə izləyəcəyəm.

“PSJ” – Luis Enrikenin rəhbərliyi altında ötən il göstərdikləri oyun təsirli idi, bu il də eyni səviyyəni qoruyub-qorumayacaqları maraqlıdır.

“Real Madrid” – Xabi Alonso kimi gənc və uğurlu məşqçinin rəhbərliyi altında hansı yeniliklər edəcəklər, çox maraqlıdır.

“Liverpul” – yeni transferlərlə gücləniblər, onların təsirini görmək maraqlı olacaq.

Beləliklə, favoritlər çoxdur, amma Çempionlar Liqası həmişə sürprizlərlə zəngindir. Bu mövsüm də bizi həm gözlənilən, həm də gözlənilməz nəticələr gözləyir.

Həvva Cəbrayılova 






Paylaş
Şərh əlavə et