Bu gün:

Xalqın sevimli bank soyğunçusu adlanan Floyd kimdir?


ABŞ tarixində “Gözəl oğlan” ləqəbi ilə tanınan bank soyğunçusu Çarls Floyd cəmiyyətin yaddaşında ziddiyyətli bir obraz kimi qalıb. O, qanun qarşısında cinayətkar sayılsa da, sadə insanlar arasında qəhrəman kimi sevilib. 

Floydun xalq arasında rəğbət qazanmasının əsas səbəbi onun bank soyğunçuları zamanı etdiyi qeyri-adi hərəkətlərlə bağlı olub. O, qarət zamanı bankların ipoteka sənədlərini məhv edir, bununla da yüzlərlə insanı borc və ödəniş öhdəliklərindən azad edir. Həmin dövrdə kompüter sistemləri mövcud olmadığından sənədlərin məhv edilməsi insanların maliyyə yükünü birdəfəlik aradan qaldırıb. Bu addım kasıb və borc içində olan ailələr tərəfindən minnətdarlıqla qarşılanıb. 

Lakin qanun onu bağışlamayıb. 1934-cü ildə Floyd polislə baş verən atışma zamanı güllələnərək öldürülüb. Onun ölümü ilə bağlı ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) bəyanat yayaraq Floydu “1 nömrəli xalq düşməni” adlandırıb.

Bununla belə, dəfn mərasimi fərqli bir mənzərə yaradıb. Minlərlə sadə insan onunla vida etmək üçün toplaşıb və Floydu cinayətkar yox, banklara qarşı mübarizə aparan bir simvol kimi yad edib. Bu hadisə göstərdi ki, o dövrün iqtisadi böhran şəraitində Floyd insanların gözündə sadəcə qanun pozanı deyil, həm də sosial ədalət axtaran bir şəxsiyyət kimi qavranılıb.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et