Bu gün:

Azərbaycan Milli Xalça Muzeyində yeni sərgi açılıb


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatına istinad edərək 24media bölüşür ki, Azərbaycan Milli Xalça Muzeyində görkəmli rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirən “2011–2024-cü illər dövrü” sərgisi təqdim olunub. Açılış mərasimində muzeyin direktoru Əminə Məlikova və mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək rəssamın incəsənətə verdiyi töhfələrdən və sərginin əhəmiyyətindən danışıblar.

Sərgidə nümayiş etdirilən unikal xalçalar ölkəmizdə ilk dəfə təqdim olunub, halbuki əvvəllər onlar “Şanqri La” (Havay), San Luis Obispo İncəsənət Muzeyi (Kaliforniya), Tuleyn Universiteti Nyukomb İncəsənət Muzeyi (Nyu Orlean), Maraya İncəsənət Mərkəzi (Şarjah) və İsveç Tekstil Muzeyi (Boras) kimi nüfuzlu mərkəzlərdə sərgilənib.

Faiq Əhməd ənənəvi Azərbaycan xalçaçılığına müasir yanaşması ilə tanınır. O, qədim sənətimizi müasir fəlsəfə və texnologiya ilə birləşdirərək milli irsi qlobal incəsənət dilinə çevirir. Sərgidə “Sosial anatomiya” (2016) və “Sən müqəddəssən” (2024) adlı videoçarxlar da təqdim olunur və müəllifin tekstil sənətinə yanaşmasının zaman və mədəniyyət kontekstində necə dəyişdiyini əks etdirir.

Rəssamın əsərləri Ağa Xan Muzeyi (Toronto), Corc Vaşinqton Universiteti Tekstil Muzeyi (Vaşinqton), Viktoriya və Albert Muzeyi (London), Viktoriya Milli Qalereyası (Melburn), Roma Müasir İncəsənət Muzeyi və dünyanın digər nüfuzlu mərkəzlərində sərgilənib. Onun əsərləri həmçinin Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Elm və Tətbiqi İncəsənət Muzeyi (Sidney), Los-Anceles İncəsənət Muzeyi kimi mədəniyyət müəssisələrinin daimi kolleksiyalarında saxlanılır.

2007-ci ildən bəri ənənəvi xalça naxışlarını müasir baxışla yenidən şərh edən Faiq Əhmədin əsərləri dünyanın müxtəlif ölkələrində böyük rəğbətlə qarşılanır. Sərgi 30 dekabr 2025-ci il tarixinədək davam edəcək.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et